XİN rəhbəri: “Ermənistan əsl xislətini bir daha sübut etdi” | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: “Ermənistan əsl xislətini bir daha sübut etdi”

14:31 - 08 / 07 / 2017
 XİN rəhbəri: “Ermənistan əsl xislətini bir daha sübut etdi”

Dağlıq Qarabağ münaqişənin həllində Azərbaycanın mövqeyi qəti və prinsipial xarakter daşıyır - Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq, heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

1news.az xəbər verir ki, bu barədə  xarici işlər naziri Elmar Məmmədyarovun 9 iyul  diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə yazdığı qeydlərdə deyilir.

Nazir vurğulayıb ki, Azərbaycan xalqının iradəsi əsasında dövlətimizin başçısı tərəfindən danışıqlar prosesində Azərbaycanın strateji mövqeyi məhz bu şəkildə qoyulub:

“İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki insanları ağır silahlardan hədəfə alaraq, azyaşlı qızcığazın, onun nənəsinin ölümünün və digər qadının yaralanmasının səbəbkarı olan Ermənistan əslində bir daha özünün əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut etmiş oldu.

Ötən müddət ərzində proaktiv strategiya əsasında siyasi-diplomatik, hərbi, informasiya, humanitar və digər sahələrdə Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması və ifşa edilməsi üçün mühüm tədbirlər görülüb. Bu tədbirlər aşağıdakı uğurları təmin edib:

- Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır, dəstəkləyir və hörmətlə yanaşır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub;

- Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq. Əksinə, BMT TŞ-nin məlum qətnamələrində, İƏT-in qətnamə və bəyanatlarında və digər beynəlxalq qurumların sənədlərində Azərbaycan ərazilərinin işğalı və gücdən istifadə edərək dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri pislənilir;

- ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı hesab edir və onun dəyişdirilməsinə ciddi çağırışlar edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur;

- Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşdırılıb və bu, bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgə yaşayışını nəzərdə tutur;

- Ermənistan danışıqlar prosesində dalana dirənmiş vəziyyətdədir. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqdan başqa yolu yoxdur. Ona görə də Ermənistan çabalayaraq siyasi-hərbi təxribatlarla diqqəti əsas hədəfdən yayındırmağa və texniki məsələlərə yönəltməyə çalışaraq danışıqlara əngəl yaratmağa cəhd göstərir;

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub;

- Siyasi-hüquqi vasitələrlə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi qeyri-qanuni əməllərin qarşısı alınır və beynəlxalq səviyyədə Ermənistanın bu kimi hərəkətləri ifşa olunur. Milli və beynəlxalq hüquqi təqib mexanizmləri ilə bu sahədə ciddi nailiyyətlər əldə edilib;

- Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi.

Qeyd olunan istiqamətlərdə qazanılan nailiyyətlərdən çıxış edərək və münaqişənin həlli ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qoyulmuş vəzifələrə uyğun olaraq, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün ardıcıl və proaktiv fəaliyyət bundan sonra da davam etdiriləcək.

Ermənistanın təcavüz və işğalının timsalında ənənəvi təhlükə ilə üzləşən Azərbaycan müasir dövr üçün xarakterik olan və xaricdən qaynaqlanan yeni və asimmetrik risk və təhdidləri də ciddi surətdə nəzərə alır və onların qarşısını almaq üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Ölkəmizin hüquq-mühafizə və xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı ilə bərabər, Prezident İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycandakı sabitliyin fundamental əsasını düzgün sosial-iqtisadi siyasət, inklüziv, multikultural cəmiyyətin qurulması və bu xüsusda atılan davamlı və düzgün addımlar təşkil edir. Həmçinin Azərbaycanda statik, məhz ölkənin inkişafını, xalqın rifahının günbəgün yaxşılaşmasını, hüquq və azadlıqların qorunmasını şərtləndirən təhlükəsizlik siyasəti yürüdülür.

Daxili və xarici siyasət bir-biri ilə üzvi şəkildə bağlı olduğu üçün xarici siyasətimiz milli müdafiənin ön xətti kimi qlobal təhlükə və təhdidlərin artdığı şəraitdə xaricdən olan risklərin vaxtında müəyyən edilməsi, diplomatik metod və vasitələrlə onların qarşısının alınması, ölkəmiz ətrafında xoş mühitin formalaşdırılması və düzgün təhlil və proqnozlarla Azərbaycanın maraqlarımıza cavab verməyən beynəlxalq hərəkət və təşəbbüslərə qoşulmamasını təmin etməkdə davam edir”.

1news.az

 

Paylaş:
935

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər