Ümumrusiya Azərbaycan Konqresi Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb
Azərbaycanın dinc sakinlərinə qarşı törədilən daha bir cinayət iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində baş verib. Hadisə nəticəsində Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra öldürülüb. Dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara qarşı törədilən bu vəhşilik Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. Bu fikirlər Ümumrusiya Azərbaycan Konqresinin bu hadisə ilə bağlı yaydığı bəyanatda yer alıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, bəyanatda 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda törədilən qanlı terror hadisəsinə də toxunulub, bu hadisə haqqında ətraflı məlumat verilib. Ermənistan prezidenti Serj Sarkisyanın məşhur ifadəsi - “Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi sındıra bildik” fikrinin bu ölkənin soyqırımı və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.
“Biz, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu cinayət hadisəsini qətiyyətlə pisləyirik. Ümid edirik ki, Rusiya Federasiyasının ictimai və siyasi təşkilatları narahatlığımızı bizimlə bölüşür. Bütün Azərbaycan xalqına, eləcə də cəbhədə həlak olan həmvətənlərimizin doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk”,- deyə bəyanatda bildirilib.
1news.az