Azərbaycanlılar Vyanada etiraz aksiyası keçirib – FOTO
Avstriyada fəaliyyət göstərən Avstriya Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə iyulun 15-də Vyana şəhərinin mərkəzində yerləşən Vyana Dövlət Operasının önündə Ermənistanın növbəti təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin həlak olması ilə əlaqədar etiraz aksiyası keçirilib.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Avstriyada yaşayan Azərbaycan və türk diaspora fəallarının iştirakı ilə keçirilən aksiyada şəhər sakinləri və turistlərə alman və ingilis dilində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, bu siyasətin törətdiyi fəlakətlər və regionun təhlükəsizliyi üçün doğurduğu fəsadlar barədə məlumat veriblər.
Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin heç bir atəş nöqtəsinin olmadığı mülki yaşayış məntəqələrinin, dinc əhalinin atəşə tutulması ən qatı cinayət əməlidir, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bu vəhşilik aktına birmənalı münasibətini bildirməlidir.
Aksiyanın sonunda Azərbaycanın Avstriyadakı səfirliyini ziyarət edən aksiya iştirakçıları səfirlik qarşısına gül və əklillər qoyublar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olmuş soydaşlarımızın xatirəsini sükutla yad ediblər.
Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.
Mövzu ilə əlaqədar oxuyun:
Baş Prokurorluq: Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb
Füzuli sakinləri: Dinc əhalinin qətlə yetirilməsi vəhşilikdir – FOTO - VİDEO
S.Xankişiyeva