Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşünün yekunlarına dair bəyanat qəbul olunub
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşünün yekunlarına dair bəyanat qəbul olunub.
1news.az-ın verdiyi xəbərə görə, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun dəvəti ilə, Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabinetisədrinin müavini, xarici işlər naziri cənab Rəşid Meredovun (bundan sonra “Tərəflər”) iştirakı ilə 19 iyul 2017-ci il tarixində Bakı şəhərində dördüncü üçtərəfli görüş keçirilmişdir.
Tərəflər
26 may 2014-cü il tarixində Bakı şəhərində, 29 yanvar 2015-ci il tarixində Aşqabad şəhərində və 28 avqust 2015-ci il tarixində Antalya şəhərində keçirilmiş xarici işlər nazirlərinin üçtərəfli görüşlərində qəbul olunmuş birgə bəyanatlara sadiqliklərini təsdiqləyərək, “2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığının Çərçivə Proqram”ının həyata keçirilməsi üzrə birgə səylərin vacibliyini qeyd etdilər;
Qarşılıqlı şəkildə dövlətlərinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlərini və qətiyyətli dəstəklərini bir daha təsdiqlədilər;
Bu kontekstdə münaqişələrin qısa zamanda suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət əsasında həllinin zəruriliyini qeyd etdilər;
Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlığı Təşkilatı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlarda, həmçinin Asiyanın Ürəyi-İstanbul Prosesi kimi arenalarda və qarşılıqlı fəaliyyətin vacibliyini qeyd etdilər;
Terrorçuluq, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və onların prekursorlarının və silahların qanunsuz dövriyyəsi, insan alveri, mədəni və tarixi irs əleyhinə cinayətlər, kibercinayətlər və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar;
5 iyun 2014-cü il tarixində Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dördüncü Zirvə Görüşü zamanı baş tutmuş Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentlərinin üçtərəfli görüşünün yüksək əhəmiyyətini xüsusi olaraq qeyd etdilər və dövlət başçılarının Türkmənistanda keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli Zirvə Görüşünün əhəmiyyətini vurğuladılar;
Üçtərəfli iqtisadi əməkdaşlığın, habelə üç ölkə arasında iqtisadi tərəfdaşlığın müqavilə-hüquq bazasının gücləndirilməsinin vacibliyini qeyd etdilər;
İqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verəcəklərinə dair razılığa gəldilər;
Dövlət Başçılarının Türkmənistanda keçiriləcək Üçtərəfli Zirvə Görüşü zamanı Azərbaycan-Türkiyə-Türkmənistan Biznes Forumunun keçirilməsi imkanlarının nəzərdən keçiriləcəyinə dair razılığa gəldilər;
Hər üç ölkənin kiçik və orta sahibkarlıq müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;
Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar;
Bu kontekstdə, bu ölkələri birləşdirən nəqliyyat-tranzit dəhlizlərinə dair geniş spektrli məsələlərin müzakirə olunduğu üç ölkənin nəqliyyat nazirlərinin 1 sentyabr 2016-cı il tarixlərində Aşqabad şəhərində keçirilmiş birinci görüşünün əhəmiyyətini qeyd etdilər;
Xəzər dənizindən keçməklə Türkmənistanı Azərbaycan Respublikası ilə birləşdirən və Türkiyə vasitəsilə (Bakı-Tbilisi-Qarsdəmir yolu) Avropaya çıxışı olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər və üç ölkənin Böyük İpək Yolunun bərpasına yönəlmiş səylərinə mühüm töhfə verəcəyini vurğuladılar;
Xəzər dənizi hövzəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənbaşı Beynəlxalq Limanının Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzərində mühüm nəqliyyat logistika qovşağına, eyni zamanda Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyini və bununla da tarixi İpək Yolunun yenidən canlanmasına xüsusi töhfə verəcəyini qeyd etdilər;
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin əhəmiyyətini vurğulayaraq, sözügedən dəhlizə zəruri dəstəyin davam etdiriləcəyini bəyan etdilər;
Regionda rəqəmsal informasiya cəmiyyətinin qurulması üçün ölkələr arasında informasiya (internet) infrastrukturunun yaradılması vasitəsilə davamlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan, habelə Avropa və Asiya arasında telekommunikasiya tranziti yollarının diversifikasiyası və təkmillədşirilməsinə dəstək olan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin Trans Xəzər hissəsinin önəmliliyini yüksək qiymətləndirərək, tərəflər dövlət və özəl sektorunun iştirakını həvəsləndirməklə layihəyə dəstək olacaqları barədə razılığa gəldilər;
Enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyini nəzərə alaraq, Azərbaycan və Türkmənistan təbii qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa və digər beynəlxalq bazarlara ötürülməsinin xüsusi əhəmiyyətini qeyd etdilər;
Təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə Azərbaycan, türk və türkmən xalqlarının ümumi mədəniyyət, dil və tarixi irsinə əsaslanan əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;
Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə adıçəkilən dövlətlərin rəhbərlərinin Zirvə Görüşlərinin və ikitərəfli, həmçinin çoxtərəfli təmaslarının vacibliyini qeyd etdilər;
İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın önəmliliyini qeyd etdilər və hər üç dövlət üçün ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı dəstəyin verilməsinin vacibliyini vurğuladılar;
Azərbaycan Respublikasında 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsini və bu kontekstdə İslam mədəniyyəti və mənəvi dəyərlərinin bütün dünyada təşviqinə mühüm töhfə kimi Bakıda yüksək səviyyədə təşkil olunmuş IV İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdilər;
2017-ci ilin sentyabr ayında Aşqabadda keçiriləcək 5-ci Asiya Qapalı və Döyüş Növləri Oyunlarının uğurlu təşkilinə dəstəklərini ifadə etdilər;
Türkmənistanda keçiriləcək Zirvə Görüşü zamanı imzalanması nəzərdə tutulan enerji, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, etlm, təhsil və mədəniyyət sahələrində saziş layihələri ilə bağlı əldə edilmiş irəliləyişi vurğuladılar.
Siyasi dialoq, qlobal və regional məsələlər üzrə əməkdaşlıq və əlaqələndirmənin gələcəkdə də davam etdirilməsi məqsədi ilə hazırkı üçtərəfli formatda mütəmadi görüşlərin keçirilməsinin vacibliyini qeyd etdilər.
Növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılığa gəldilər. Görüşün tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq".
Babək Cahandarov