Prezident jurnalistlər üçün üçüncü binanın tikilməsinə 5 milyon manat ayırıb
Prezident İlham Əliyev kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
S.Xankişiyeva