Balakəndə Bayraq Muzeyinin açılışı olub – FOTO
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı muzeylə tanış oldu. Məlumat verildi ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb. Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Binada zallar və konfrans otağı yaradılıb.
Ekspozisiya zalında maraqlı eksponatlar sərgilənir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar, gerblər, o cümlədən Nuxa, Yelizavetpol, Naxçıvan, Quba, Şuşa, Şamaxı, Lənkəran, Zaqatala qəzalarının və Bakı quberniyasının, Azərbaycan SSR-in, Azərbaycan İctimai Şuralar Cəmiyyətinin və müstəqil Azərbaycanın gerbinin fotoları nümayiş etdirilir. Muzeydə Azərbaycanın Səfəvilər, Ağqoyunlular, Qaraqoyunlular və Eldəgizlər dövlətləri dövründəki, həmçinin 1918-1920-ci illərdəki və 1991-ci ildəki xəritələri də var. Güc strukturlarının geyimlərinin, tarixin müxtəlif dövrlərində ölkəmizdə istifadə edilən sikkələrin, pulların nümayiş olunduğu ekspozisiyalar da maraq doğurur.
Bu cür layihələrin həyata keçirilməsi, həmçinin milli atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin atributlarından biri olan üçrəngli, ay-ulduzlu bayrağımızla hər bir azərbaycanlı fəxr edir. Xalqımız həmişə bu bayrağa böyük sevgi, dərin ehtiramla yanaşıb. Hər bir azərbaycanlı dövlət bayrağını özünün milli qürur mənbəyi hesab edir.
Üçrəngli bayrağımız ötən əsrin sonlarında yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrildi. Bu məsələdə ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Bu tarixi iş Ümummilli Liderin dahiyanə ideyalarından biri idi. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırıldı. Bu, dünya şöhrətli siyasi xadimin Azərbaycan dövlətçiliyi və xalqımız üçün gördüyü tarixi əhəmiyyətli işlərdən biri idi. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında və mötəbər məclislərində qürurla dalğalanır. Vətənə və dövlətin atributlarına hörmət və ehtiram Ulu Öndərin bizə ən böyük əmanətidir.
Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də Dövlət Bayrağı meydanlarının və muzeylərinin inşası dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin nəticəsidir. Balakən rayonunda inşa edilən Bayraq Muzeyi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
S.Xankişiyeva