"Bu müşavirə baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafına təkan verəcək" | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Bu müşavirə baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafına təkan verəcək"

20:52 - 05 / 08 / 2017
"Bu müşavirə baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafına təkan verəcək"

Avqustun 4-də Qaxda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən respublika müşavirəsində ölkəmizdə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərindən danışıldı, qarşıya çox önəmli vəzifələr qoyuldu. Bu müşavirənin nəticəsi olaraq ölkəmizdə baramaçılıq, tütünçülük, fındıqçılıq kimi ənənəvi sahələr uğurla inkişaf edəcək, fermerlərimiz, kəndlilərimiz daha böyük fayda görəcəklər.

1news.az  xəbər verir ki, bu fikirləri  Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev Qaxda keçirilən müşavirənin əhəmiyyətini şərh edərkən deyib.

R. Quliyev bildirib ki, kənd təsərrüfatının inkişafında tütünçülük, baramaçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq kimi sahələr xüsusi yer tutur. Bu sahələrin inkişafına xüsusi diqqət yetirən dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bütün bunlar Azərbaycan üçün ənənəvi kənd təsərrüfatı məhsullarıdır. Həmin sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün əhəmiyyətli sosial amildir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev 10 min ton tütün istehsalını qarşıya vəzifə qoyub. On min ton tütün istehsalı da təxminən 40 minə yaxın insanın işlə təmin olunması deməkdir. Beləliklə, bu sahə əhalinin böyük təbəqəsi üçün həm məşğulluqdur, həm ərzaq bolluğu yaradılması üçün təminatdır, həm də ixrac üçün başlıca mənbədir.

Azərbaycan Prezidenti son illərdə ölkəmizdə baramaçılığın inkişafına da xüsusi diqqət yetirir. Dövlət bütün lazımi materialları, tingləri verir, bütün sahələr üzrə subsidiyalar verir. Bundan başqa, müasir texnologiyalar da gətirilir. Görülən işlər bu sahənin də inkişafına təkan verir.

Azərbaycan Prezidentinin önəm verdiyi sahələrdən biri də fındıqçılıqdır. Bu, ölkəmizdə ən gəlirli sahələrdən biridir. Azərbaycan fındığı yüksək keyfiyyətdədir, istər Avropa, istər Asiya ölkələrində, istərsə də postsovet məkanında Azərbaycan fındığının alıcıları çoxdur. Ötən iki il ərzində 18 min hektarda yeni fındıq bağlarının salınması ölkəmizdə fındıqçılığın inkişafından xəbər verir. Dövlət bu istiqamətdə də kəndlilərə hər cür yardım göstərir. Göründüyü kimi, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün bütün lazımi şərait yaradılıb.

Dövlətimizin başçısının sədrliyi ilə keçirilən bu müşavirə qeyd edilən sahələrdə inkişafa böyük təkan verəcək, yeni iş yerləri yaradılacaq, kəndlilərin, fermerlərin həyat səviyyəsi yüksələcək. Ölkəmizdə qeyri-neft sektoru inkişaf edəcək, ixrac imkanlarımız genişlənəcək, idxaldan asılılıq azalacaq.

1news.az 

 

 

 

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər