Türkiyənin müxalif lideri həbs edilə bilər
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu həbs edilə bilər.
1news.az-ın Habertürk-ə istinadla verdiyi xəbərə görə, buna səbəb kimi K.Kılıçdaroğlunun ölkə kəşfiyyatının fəaliyyəti ilə əlaqədar fotomaterialların yayılmasında iştirakı göstərilir.
Belə ki, Antaliyada AKP-nin iclası zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, “əgər yaxın günlərdə CHP-dən olan deputat Enis Berberoğlu ilə Kılıçdaroğlunun əlaqəsi çıxarsa, təəccüblənməyin”.
Kılıçdaroğlu da öz növbəsində Ərdoğanın bu bayənatını öz ünvanına hədə kimi şərh edib:
“Həbs olunmayacağıq və başımızı dik tutaraq şərəf və ləyaqətlə addımlayacağıq. Biz ölkəmizin vətənpərvərləriyik. Biz deyil, əsl vətən xainləri həbs olunmalıdır”.
KİV iddia edir ki, bundan əvvəl bu iş üzrə həbs olunmuş CHP-dən olan deputat Enis Berberoğlu istintaq zamanı bu materialları ona məhz müxalif partiyanın liderinin verdiyini bildirib.
S.Xankişiyeva