Bəyanat: Bu, Səudiyyə Ərəbistanına qarşı müharibə aktı hesab edilə bilər | 1news.az | Xəbərlər
Dünya

Bəyanat: Bu, Səudiyyə Ərəbistanına qarşı müharibə aktı hesab edilə bilər

16:26 - 06 / 11 / 2017
Bəyanat: Bu, Səudiyyə Ərəbistanına qarşı müharibə aktı hesab edilə bilər

Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının komandanlığı Husi silahlı qruplaşmasının Yəmən ərazisindən Krallığa ballistik raket atılması barədə bəyanatla çıxış edib.

1news.az-a Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı  səfirliyindən verilən məlumata görə, koalisiyanın rəsmi sözçüsü polkovnik Türki əl-Maliki bildirib ki, 4 noyabr saat 20:07-də Yəmən ərazisindən Krallıq ərazisinə ballistik raket atılıb.

Polkovnik Türki əl-Maliki deyib ki, raket paytaxt ər-Riyad tərəfə yan alıb, mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini hədəf almaq üçün dağınıq və kor-koranə atılıb:

"Patriot" bölüyü raketi dəf edib, onun dəf olunması nəticəsində qəlpələri Kral Xalid adına Beynəlxalq Hava Limanının şərqində yerləşən qeyri-yaşayış məntəqəsinə səpələnib. Bu, heç bir tələfata səbəb olmayıb”.

Türki əl-Maliki əlavə edib ki, Husi silahlı qruplaşmasının bu təcavüzkar və kor-koranə davranışı sübut edir ki, terroru himayə edən region dövlətlərindən biri Husi silahlı qruplaşmasına üstün silahlarla dəstək verir:

“Bununla da o, BMT-nin 2216 saylı qərarını açıq-aşkar surətdə pozub. Onun məqsədi Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyini, həmçinin regional və beynəlxalq təhlükəsizliyi təhdid etməkdir. Mülki əhalinin məskunlaşdığı şəhər və kəndlərə ballistik raket atmaq beynəlxalq humanitar qanunlara ziddir. Dəstək Koalisiyası Yəmənin bütün hava dəniz və quru giriş nöqtələrinin müvəqqəti bağlanılmasını elan edib.

Koalisiyanın bəyanatında o da vurğulanıb ki,  bu raketin, həmçinin 22/07/2017-ci il tarixində atılan raketlərin qırıntılarının hərbi texnologiyalar üzrə ekspertlərin iştirakı ilə müayinəsi zamanı sübut olunub ki, onların istehsal olunmasında və Yəməndəki Husi silahlı qruplaşmasına qaçaqmalçılıq yolu ilə çatdırılmasında İran rejiminin əli var:

“Onların məqsədi Krallığa, onun xalqına və mühüm maraqlarına təcavüz etməkdir. Koalisiya komandanlığı hesab edir ki, İranın ona tabe olan Husi silahlı qruplaşmasının silahla təmin olunmasında əlinin olması, BMT Təhlükəsizlik Şurasının həmin silahlı qruplaşmanın silahlandırmaqdan imtina edilməsi haqqında olan, xüsusən də 2216 saylı qərarının açıq-aşkar surətdə pozulması sayılır. İranın bu işdə əlinin olması, qonşu dövlətləri, eləcə də regional və beynəlxalq sülh və təhlükəsizliyi hədəfə alan açıq təcavüz hesab edilir. O, bu məsələdə özünə tabe olan Husi silahlı qruplaşmasını birbaşa yönləndirir. Buna görə Koalisiya komandanlığı bunu İran rejimi tərəfindən edilən açıq və birbaşa hərbi təcavüz hesab edir. Bu, hətta Səudiyyə Ərəbistanı Krallığına qarşı müharibə aktı hesab edilə bilər. Beləliklə, Koalisiya komandanlığı bəyan edir ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Krallıq öz ərazisini və xalqını qanuni surətdə müdafiə etmək hüququna malikdir. Həmçinin, vurğulayır ki, Krallıq İrana münasib vaxtda və formada cavab vermək haqqını özündə saxlayır. Bu haqqı onun üzərinə beynəlxalq qanunlar qoyur və həmin qanunlara uyğun gəlir. Belə ki, öz ərazisini, xalqını və maraqlarını müdafiə etmək onun təbii haqqıdır və bunu BMT-nin Nizamnaməsi daxil olmaqla, bütün beynəlxalq razılaşmalar və konvensiyalarda təsbit edir”.

P.Sultanova

               

Paylaş:
677

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər