Misirə səfər etmək istəyənlərə şad xəbər: Şarm əl- Şeyxə birbaşa reys açılır | 1news.az | Xəbərlər
Siyasət

Misirə səfər etmək istəyənlərə şad xəbər: Şarm əl- Şeyxə birbaşa reys açılır

11:57 - 14 / 11 / 2017
Misirə səfər etmək istəyənlərə şad xəbər: Şarm əl- Şeyxə birbaşa reys açılır

Misirin Cənubi Sinay yarmadasının qubernatoru Xalid Foudanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərdədir.

1news.az xəbər verir ki, bu gün nümayəndə heyəti Bakıda mətbuat konfransı keçirib.

Misirin Azərbaycandakı səfiri Suzan Cəmil bildirib ki, səfərin əsad məqsədi Azərbaycanla, həmçinin Qəbələ şəhəri ilə Şarm əl-Şeyx arasında əlaqələrin gücləndirilməsi və turizm sahəsində inkişafa nail olmaqdır.

İki ölkə arasında əlaqələri bütün sahələrdə inkişaf etdirməyə çalışdıqlarını deyən qubernator Xalid Fouda isə bildirib ki, nümayəndə heyətinə Şarm əl- Şeyxin ən böyük iş adamları daxildir:

“Bu səfərə çox böyük əhəmiyyət veririk. Dünən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri ilə görüşərək turizm sahəsinin inkişafı üçün mövcud problemlərin aradan qaldırılması və birbaşa reyslərin açılmasını müzakirə etdik. Bu problemləri aradan qaldırmaq çətin deyil. Birbaşa reysin açılması üçün bir sıra görüşlər nəzərdə tutulub. Həmçinin, AZAL rəhbərliyi, mədəniyyət və turizm naziri, xarici işlər naziri ilə görüşlərimiz olacaq.

Qəbələ icra hakimiyyətinin başçısı ilə də görüşümüz nəzərdə tutulub. Bildiyiniz kimi Şarm əl-Şeyx və Qəbələ qardaşlaşmış şəhərlərdir. Biz buna əsasən bir sıra məsələləri müzakirə edəcəyik”.

Qubernator vurğulayıb ki, son iki ildə Azərbaycandan Misirə gedən turistlərin sayı azalıb. Bu, iki ölkə rəhbərinin və xalqları arasındakı əlaqələrin səviyyəsinə cavab vermir.

Bəzi ölkələrin Şarm əl-Şeyxlə bağlı qərəzli kampaniyalar apardıqlarını diqqətə çatdıran Xalid Fouda  buna cavab olaraq dünya gənclər forumunu keçirdiklərini söyləyib:

Forumda 113 ölkədən 3 mindən çox gənc iştirak edib. Bəzi ölkələrin rəsmi şəxsləri də foruma qatılıb. Bu, bütün dünyaya sübut etdi ki, Şarm əl-Şeyx təhlükəsiz, əmin-amanlığın olduğu şəhərdir. Hava limanı müasir avadanlıqlarla təmin olunub. Bəzi ölkələr vətəndaşlarını Misirə getməməklə bağlı xəbərdarlıq edib. Azərbaycan hökumətinə təşəkkür edirəm ki, heç vaxt Misirə və Şarm əl-Şeyxə getməmək çağrışı etməyib”.

P.Sultanova

Paylaş:
1297

Son xəbərlər

Bütün xəbərlər