Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb

09:09 - 15 / 11 / 2017
Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun strateji əhəmiyyəti vurğulanıb

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışına həsr olunan tədbir keçirilib.

1news.az-a Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub.

Digər tərəfdən bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyıb.

Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş və BP-nin Vaşinqton ofisinin ev sahibliyi etdiyi bu tədbirdə ABŞ dövlət qurumları, akademik təşkilatlar, ticarət palataları, biznes və siyasi dairələr, beynəxalq maliyyə institutları və diplomatik korpus təmsilçiləri iştirak ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftiyev və “BP America Inc.”in kommunikasiya və xarici əlaqələr üzrə birinci vitse-prezidenti Meri Strit tədbirin açılışını ediblər. Bunun ardınca tədbirin moderatoru səfir Riçard Hoqland qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb və iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş video-çarxa baxmağa dəvət edib. Sonra Azərbaycanın və tədbirdə iştirak edən digər dövlətlərin ABŞ-dakı səfirləri çıxış ediblər.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında müasir İpək Yolunun canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən və onun regional əməkdaşlığın dərinləşməsinə verə biləcəyi töhfələrdən bəhs edibdir. Bu xüsusda, o, 30 oktyabr tarixində Bakıda Azərbaycan və Türkiyənin Prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri, habelə Türkmənistan və Tacikstanın nazirləri və digər ölkələrin rəsmilərinin iştirakı ilə keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminə toxunaraq, bunun tarixi hadisə olduğunu söyləyibdir. Səfir Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığa diqqət yönəldərək, üç ölkənin əvvəlki dövrlərdə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm əhəmiyyətə malik olan birgə irimiqyaslı layihələri həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulayıbdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regional tranzit və logistik mərkəzə çevrilməsi sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətindən danışan səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb. Bəzi qüvvələrin istər Bakı-Tbilisi-Qars dəmir yolu, istərsə də digər irimiqyaslı layihələrin gələcəyinə inanmadığını qeyd edən diplomat bu layihələrin gerçəkləşməsində əsas məqam kimi Azərbaycan rəhbərliyinin siyasi iradəsi və strateji baxışının dayandığını diqqətə çatdırıbdır. Eyni zamanda, qardaş Türkiyə və qonşu Gürcüstanın ölkə rəhbərliyinin qarşılıqlı dəstəyi və strateji yanaşmasının əhəmiyyətini vurğulayan səfir son zamanlar həmin layihələrə Mərkəzi Asiya ölkələrinin maraq göstərməsi və qoşulmasını qeyd edib.

Bundan əlavə, E.Süleymanov həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycanın region ölkələri ilə birlikdə bu dəhlizlərin cəlbediciliyinin artırılması istiqamətində həyata keçirdiyi əməkdaşlıqdan, o cümlədən qonşu ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən tədbirlərdən məlumat verib. Regionumuzda son dövrlər aparılan islahatlarla bağlı nəzərə-çarpan bir göstərici kimi “ASAN xidmət”in təcrübəsinin nümunə olduğu vurğulanıbdır. Eləcə də, ölkəmizə əlavə xarici turist axınının təmin olunması məqsədilə bu xidmətin fəaliyyətinin genişləndirildiyi və “ASAN viza”nın təmin edildiyi bildirilib.

Səfir çıxışında həmçinin Azərbaycanda nəqliyyat sektorunda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışıb. O, ölkəmizin regionun nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində təsis ediləcək azad ticarət zonasının oynayacağı roldan bəhs edib. E.Süleymanov Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqət çəkərək, bu işdə mövcud infrastruktur layihələri ilə yanaşı nəqliyyat sahəsinə məsul qurumların, o cümlədən “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Silk Way” şirkətinin mühüm rolunu vurğulayıb. Eləcə də, səfir Azərbaycanın hava nəqliyyatı sahəsində də regionun lider ölkəsinə çevrildiyini və bu sahədə “Azərbaycan Hava Yolları” və “Silk Way” aviaşirkətinin “Boeing” şirkəti ilə əməkdaşlığını xüsusi qeyd edibdir.

Daha sonra Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri çıxış edərək, regionun nəqliyyat və tranzit potensialından tam istifadə olunması sahəsində Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini vurğulayaraq, onun qonşu və regionun digər ölkələri arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi və ticarət yollarının şaxələndirilməsinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər. Asiya və Avopa arasında yük daşımaları üçün məsafə, vaxt və xərc baxımından daha sərfəli olacaq bu dəmir yolunun iqtisadi faydaları ilə yanaşı onun regionda yaşayan xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Tədbir çərçivəsində həmçinin ABŞ-ın Dövlət Katibinin köməkçisinin ticarət məsələləri üzrə müavini Pitr Haas, ABŞ-ın Ticarət Palatasının vitse-prezidenti Qari Litman, Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Metyü Edvard və Xarici Özəl Sərmayə Korporasiyasının icraçı direktoru Kenet Angel çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb və bunun böyük nailiyyət olduğunu vurğulayıb. Bu layihənin region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə yardım etməklə yanaşı ABŞ şirkətləri üçün yeni imkanlar açacağına inam ifadə edilibdir. Bu kontekstdə, regionda irimiqyaslı infrastruktur layihələrinin gercəkləşməsi ilə bərabər həmin dəhlizin rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə qeyri-fiziki infrastrukturun, o cümlədən yükdaşıma tariflərinin cəlbedici olması, sərhəd-keçid və gömrük sahəsində əməkdaşlığın vacib olduğu bildirilib.

Bundan başqa, tədbirdə iştirak edən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, akademik dairələr və özəl sektor nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulamış, onun əməkdaşlıq üçün yeni imkanlar yaratdığını söyləmişlər.

Tədbirin sual-cavab hissəsində aparılan müzakirələr zamanı səfir E.Süleymanov yeni İpək Yolunun yalnız Çin ilə Avropa arasında əlaqələndirməyə deyil, regionun digər ölkələri arasında əməkdaşlığa da xidmət edəcəyini söyləyib. Bu xüsusda, Azərbaycandan kənd təsərrüfatı məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə ixrac olunmasının təşviqi üçün Aktau şəhərində inşa edilmiş “Azərsun logistika və istehsalat mərkəzi” misal gətirilib. Eyni zamanda, xarici investisiyaların cəlb olunmasına gəlincə, Azərbaycan daxil olmaqla region ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tərtib edilən hesabatlarda reytinq sıralamasında xeyli irəliləyərək mövqelərini yaxşılaşdırmasının vacib məqam olduğu qeyd edilibdir.

Aparılan ümumi müzakirələrdə belə bir ümid ifadə edilib ki, region ölkələri arasında uğurlu əməkdaşlıq Ermənistan üçün bir nümunə olmalı və rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoyması və bu əraziləri tərk etməsi, didərgin düşmüş həmvətənlərimizin öz doğma yurd-yuvasına qayıtması, eləcə də bu ölkənin beynəlxalq hüququn prinsiplərinə riayət etməsindən sonra Ermənistan da regionda həyata keçirilən bu kimi layihələrdən bəhrələnə biləcəkdir.

 P.Sultanova

 

 

 

Paylaş:
801

Son xəbərlər

Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47
Bütün xəbərlər