Maroş Şevçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malikdir | 1news.az | Xəbərlər
Siyasət

Maroş Şevçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malikdir

15:25 - 18 / 11 / 2017
Maroş Şevçoviç: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malikdir

Belçikada səfərdə olan Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Pərviz Şahbazov Avropa İttifaqının strukturları ilə enerji sahəsində uzunmüddətli əməkdaşlığın Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi prosesinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıb.

Nazir “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərin gedişatı barədə məlumat verərək, Trans-Adriatik (TAP) qaz boru kəmərinin də vaxtında başa çatdırılacağına ümid etdiyini deyib.

Maroş Şevçoviç isə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yüksək rola malik olduğunu qeyd edərək bildirib ki, Avropa Komissiyası bu layihəyə dəstəyini bundan sonra da davam etdirəcək.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Maroş Şevçoviçin dəstəyi ilə yaradılmış “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının indiyə kimi keçirilmiş iclaslarının layihənin icrası prosesinə müsbət təsirləri barədə söhbət açılıb. Avropa Komissiyasının vitse-prezidentinin iştirakı ilə keçirilməsi planlaşdırılan “Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti iclası”na hazırlıq məsələləri müzakirə edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni Saziş layihəsinin enerji əməkdaşlığına aid hissəsi üzrə də müzakirələr aparılıb. Azərbaycanla Avropa Komissiyası, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qlobal enerji bazarında müşahidə edilən yeni trendlər ətrafında da geniş fikir mübadiləsi edilib.

S.Xankişiyeva

 

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər