NATO-nun baş katibi Ərdoğandan üzr istəyib
NATO-nun baş katibi Yens Stoltenberq Norveçdə keçirən NATO-nun hərbi təlimləri zamanı Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı göstərilən həqarətə görə üzr istəyib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Y. Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng vuraraq baş vermiş xoşagəlməz hadisəyə görə narahatlığını ifadə edib və üzrxahlıq edib.
Y.Stoltenberq Türkiyə dövlət başçısının diqqətinə çatdırıb ki, həmin təlimlərdə hədəf yerinə məlum portretləri yerləşdirən şəxs NATO-nun məsul işçısı deyil. Təlim mərkəzində texniki işlərə baxan həmin hərbçi dərhal vəzifəsindən uzaqlaşdırılıb.
Baş katibi Türkiyəni NATO-nun mühüm tərəfdaşı olduğunu, insidentin Türkiyə-NATO münasibətlərinə zərər gətirməyəcəyinə ümid etdiyini və bir daha belə hadisələrin baş verməməsi üçün ciddi tədbirlər görüldüyünü ifadə edib.
S.Xankişiyeva