Xamenei İŞİD-i "xərçəng yığını" adlandırdı
İranın Ali Lideri Ayətullah Əli Xamenei İŞİD-i "xərçəng yığını" adlandırıb.
1news.az-a İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Ali lider bu barədə general Hacı Qasım Süleymaninin məktubuna cavabında deyib.
O bildirib: “Siz xərçəng yığını olan öldürücü İŞİD-i darmadağın etməklə təkcə region dövlətləri və İslam dünyasına deyil, bütün xalqlara, bəşəriyyətə böyük xidmət göstərdiniz”.
Ayətullah Əli Xamenei əlavə edib ki, bu, təkcə qəddar və üzüqara İŞİD qruplaşmasına deyil, ABŞ-ın əvvəlki və indiki hökumətlərinə, həmin hökumətlərin bu qruplaşmanı regionda təsis etmiş, öz çirkin hökmranlıqlarını Qərbi-Asiya regionuna yaymaq və qəsbkar sionist rejimi burada hökmran etmək üçün dəstəyini əsirgəməyən rejimlərə endirilmiş zərbədir.
A.Xamenei hərbi qüvvələrə baş verə biləcək yeni həmlələrə qarşı yenə də hərtərəfli hazırlıqlı olmağı tövsiyə edib: “Bu xəbis planı hazırlamış şəxslər sakit durmayacaq, onu bu regionun başqa bir yerində və ya başqa bir şəkildə yenidən həyata keçirəcəklər. Hərtərəfli hazırlıqlar unudulmamalıdır”.
P.Sultanova