Şəkidə Prezident Kuboku uğrunda çövkən milli oyununun açılış mərasimi keçirilib
Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi keçirilib.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, dekabrın 20-dək davam edəcək ilk təsnifat mərhələsinin oyunlarında Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir regional mədəniyyət və turizm idarələrinin təmsilçiləri, həmçinin Bakı şəhərinin “Elit”, “Ömər”, “Polad” və “Sərhədçi” komandaları mübarizə aparırlar.
Dekabrın 18-də keçirilən rəsmi açılış mərasimində şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları, iştirakçı rayonlardan gələn qonaqlar, həmçinin yerli azarkeşlər iştirak ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov və digər qonaqlar əvvəlcə Mərkəzin həyətində çövkən oyunlarında çəkilmiş fotolara və Şəki Uşaq İncəsənət Məktəbi şagirdlərinin atüstü milli oyunlarımızı əks etdirən rəsmlərinin sərgisinə baxıblar.
Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Azərbaycanda çövkən oyununun tarixi çox qədimdir. Min illər ərzində Azərbaycan igidlərinin oynadığı bu oyun cəsurluq, qəhrəmanlıq və çeviklik rəmzi sayılıb.
Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına, atüstü milli oyunlarımızın qorunub saxlanılmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Şəki rayonunda yaradılan Respublika Atçılıq Turizm Mərkəzi xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə çox böyük töhfələr verir. Mərkəzin yaradılmasında əsas məqsəd milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır.
Diqqətə çatdırılıb ki, Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində 2006-cı ildən başlayaraq may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan milli atüstü oyunlar festivalının, dekabrda isə Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların keçirilməsi artıq ənənə halını alıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların coğrafiyası ildən-ilə genişlənir, iştirakçı komandaların peşəkarlıq səviyyəsi artır. Ənənəvi olaraq keçirilən bu yarışlar xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması işinə çox böyük töhfə verir.
Vurğulanıb ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasının çox böyük əhəmiyyəti var. Çövkən oyununun bu siyahıya daxil edilməsi ölkəmizdə mədəni irsin qorunması sahəsində həyata keçirilən tədbirlərin, aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Musiqi kollektivinin çıxışından sonra komandalar cəngi sədaları altında tribunanın önündən keçərək, meydana daxil olublar.
Sonra tamaşaçılar Şəki və Bakının “Ömər” komandaları arasında ilk səkkizdəbir final qarşılaşmasını izləyiblər. Gərgin keçən oyunda paytaxt təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Həmin gün keçirilən digər qarşılaşmada isə Bakının “Elit” komandası Bərdə regional mədəniyyət və turizm idarəsinin kollektivini 2:0 hesabı ilə məğlub edib.
Dekabrın 19-da keçiriləcək Ağdaş-İsmayıllı və Gəncə-Şəmkir qarşılaşmalarından sonra dörddəbir finalın daha iki iştirakçısının adları məlum olacaq.
Qeyd edək ki, oyunların final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 22-də yarımfinal, dekabrın 23-də isə üçüncü yer uğrunda görüşlər və final qarşılaşması təşkil olunacaq.
1news.az