Heydər Əliyev adına NEZ “Tecnicas Reunidas” şirkəti ilə qurğuların rekonstruksiyası üzrə müqavilə imzalayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev adına NEZ “Tecnicas Reunidas” şirkəti ilə qurğuların rekonstruksiyası üzrə müqavilə imzalayıb – FOTO

17:21 - 19 / 12 / 2017
Heydər Əliyev adına NEZ “Tecnicas Reunidas” şirkəti ilə qurğuların rekonstruksiyası üzrə müqavilə imzalayıb – FOTO

Dekabrın 19-da SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu (NEZ) və “Tecnicas Reunidas” (TR) şirkəti arasında zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində qurğuların rekonstruksiyası üzrə EPCm (layihələndirmə, satınalma və tikinti) müqaviləsi imzalanıb.

1news.az-a SOCAR-dan verilən xəbərə görə, Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri daha keyfiyyətli yanacaq məhsullarının istehsalını nəzərdə tutur. NEZ-in modernləşdirilməsi 2021-ci ilədək davam edəcək.

Bununla əlaqədar, layihəyə cəlb olunmuş Layihənin İdarəedilməsi üzrə Podratçı (PMC) “SOCAR-KBR” şirkəti tərəfindən mövcud qurğuların və ümumi zavod təsərrüfatının rekonstruksiyası işləri üzrə aparılmış seçim proseduruna əsasən “Tecnicas Reunidas” şirkəti qalib olaraq seçilib.

Müqavilənin imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, şirkətin baş ofisinin rəhbər şəxsləri, Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, TR şirkətinin idarə heyətinin sədrinin müavini, baş icraçı direktoru Juan Llado Arburua, korporativ inkişaf üzrə baş direktoru Enrique Alsina Massana, təkliflər departamentinin direktoru Carlos Molinero Monge və digər məsul şəxslər iştirak edib. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və TR şirkətinin korporativ inkişafı üzrə baş direktoru Enrique Alsina Massana imzalayıb.

NEZ-da İlkin Detallı Layihələndirmə (FEED) işləri başa çatdıqdan sonra layihənin növbəti - layihələndirmə, satınalma, tikinti mərhələsinin icrası üçün podratçıların təyin edilməsi məqsədilə layihənin idarəedilməsi üzrə podratçı “SOCAR-KBR” şirkəti tərəfindən müvafiq seçim proseduru keçirilib. 10 beynəlxalq şirkətin iştirak etdiyi seçim prosedurunda TR şirkəti tərəfindən təqdim edilmiş texniki və kommersiya təklifi ən yüksək yekun bal toplayaraq qalib gəlib.

Qeyd edək ki, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir: yeni qurğuların inşası, mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası. TR şirkəti ilə imzalanan saziş məhz mövcud qurğuların və ÜZT-nin rekonstruksiya işlərini əhatə edir.

SOCAR-ın prezidenti R.Abdullayev TR şirkətini seçim prosedurunun qalibi elan olunması münasibətilə təbrik edərək deyib: “Bu gün SOCAR hasilatla yanaşı, həm də emal sahəsində bir sıra iri investisiya layihələrini həyata keçirir, öz biznes portfelinin və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda yenidənqurma və modernləşdirmə layihəsi bu kontekstdə xüsusi yer tutur. Artıq NEZ-da yenidənqurma tədbirlərinin ilkin mərhələsi çərçivəsində inşa edilən yeni Bitum qurğusunun ardınca “Avro-5” standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğuların istifadəyə verilməsinin astanasındayıq. Hesab edirəm ki, “Tecnicas Reunidas” şirkəti ilə əməkdaşlıq bu layihənin uğurla gerçəkləşməsinə müsbət təsir edəcək”.

TR şirkətinin idarə heyətinin sədrinin müavini, baş icraçı direktoru Juan Llado Arburua isə deyib: “Tecnicas Reunidas” şirkətinə göstərilən etimada görə SOCAR-ın rəhbərliyi və layihənin icra qrupuna öz təşəkkürümü bildirirəm. Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin yüksək keyfiyyətdə, təhlükəsizlik qaydalarına əməl etməklə zamanında icra edəcəyimizə inanıram”.

Qeyd edək ki, SOCAR tərəfindən Heydər Əliyev adına NEZ-da həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsinin əsas məqsədləri ölkəmizdə nəqliyyat vasitələri parkının genişlənməsi nəticəsində yüksək keyfiyyətli yanacağa artan tələbatı təmin etmək, emal və kimya sahəsindəki layihələrlə sinerji yaradaraq, ölkənin ixrac potensialını gücləndirmək, ölkədə ekoloji durumu yaxşılaşdırmaqdır. Bu məqsədlə NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub: birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi; ikinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası; son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması.

Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 milyon tondan 7,5 milyon tona qədər çatdırılacaq istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək. Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur.

“Tecnicas Reunidas” beynəlxalq podratçı şirkətdir. 1960-cı ildə təsis edilmiş “Lummus Espanola” şirkəti 1972-ci ildə “Tecnicas Reunidas”la birləşərək onun adını qəbul etmiş və “Tecnicas Reunidas S.A.” kimi tanınmağa başlayıb. TR neft–qaz sektorunda mühəndislik və tikinti üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Fəaliyyət sahələri: mühəndislik, sənaye obyektlərinin tikintisi və dizaynı, neft-kimya sənayesi, bərpa olunan enerji, gübrə və qeyri-üzvi kimya, ətraf mühitin mühafizəsi, metallurgiya və sair. Şirkət Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Yunanıstan, Meksika, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Vyetnamda fəaliyyət göstərir. Beynəlxalq layihələr şirkətin illik dövriyyəsinin 70 faizini təşkil edir. Şirkət indiyədək 1000-dən çox sənaye müəssisəsini layihələndirərək inşa edib.

Baş ofisi Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biridir. Ötən dövr ərzində enerji, karbohidrogen, elektrik enerjisi, sənaye və mülki infrastruktur, minerallar, dövlət orqanları və kommersiya sektorlarının qabaqcıl təminatçılarından birinə çevrilmiş “KBR” şirkəti 1994-cü ildən Azərbaycanda mühəndislik xidmətləri üzrə ilk beynəlxalq podratçı kimi fəaliyyətə başlayıb və həmin vaxtdan etibarən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi Hasilatın Pay Bölgüsü Sazişləri üzrə xidmət göstərir. “KBR” şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin “SOCAR-KBR”in təsis edilməsi haqqında saziş 2015-ci il martın 18-də Bakıda imzalanıb. Yaradılan yeni müştərək müəssisə geoloji kəşfiyyat və hasilat, neftin emalı, saxlanılması və nəqli, neft və neft məhsullarının təkrar emalı və satışı üzrə layihələrin icrasında mühəndislik (texniki-layihələndirmə), layihə idarəetmə və tikinti xidmətlərini həyata keçirir.

S.Xankişiyeva

Paylaş:
901

Son xəbərlər

NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11
Bütün xəbərlər