Prezident İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir” - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir” - YENİLƏNİB

20:29 - 21 / 12 / 2017
Prezident İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə böyük töhfə verir” - YENİLƏNİB

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

-Hörmətli din xadimləri.

Hörmətli xanımlar və cənablar.

Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. İl ərzində Azərbaycanda və bir çox ölkələrdə beynəlxalq konfranslar, tədbirlər keçirilmişdir. Sonuncu beynəlxalq konfrans isə bu gün Bakıda öz işinə başlayır. Mən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm. Qeyd etməliyəm ki, bu gün konfransda 40-a yaxın ölkədən 150-dək xarici qonaq iştirak edir. Hörmətli qonaqlarımızın iştirakı bu konfransın və bu mövzunun əhəmiyyətini bir daha göstərir.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir.

Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.

Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.

Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.

Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.

Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir.

Azərbaycan keçən ili “Multikulturalizm İli” elan etmişdi. Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala çevrilməlidir.

Qeyd etdiyim kimi, Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalamışdır. Yəni, bu da Avropa İttifaqının üzvlərinin üçdəbir hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlamışdır. Bu, bir daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni zamanda, bizim siyasətimizi əks etdirir. Azərbaycan xalqı öz milli mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir.

Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar.

Bu il biz İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmişik. IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Əllidən artıq ölkədən 3 mindən çox idmançı, minlərlə qonaq gəlmişdi. Bu, həm böyük idman yarışı idi, eyni zamanda, bu, bir dostluq bayramı, qardaşlıq bayramı idi. Bütün İslam ölkələrinin aparıcı idmançıları Bakıda idilər. Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu Oyunlar bir daha göstərdi ki, İslam həmrəyliyi var və gənc nəsil gərək gələcəkdə bu gözəl dəyərləri daim dərk etsin və gücləndirsin. İki il bundan əvvəl isə Bakıda tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları 2015-ci ilə qədər heç vaxt keçirilməmişdir. İlk Avropa Oyunları Azərbaycanda keçirilmişdir və Avropadan 5 mindən çox idmançı burada yarışırdı, minlərlə qonaq gəlmişdi. Azərbaycan komandası bu Oyunlarda ikinci yerə layiq görüldü.

Yəni, bu iki hadisə özlüyündə bir göstəricidir. Əlbəttə ki, bunlar böyük, möhtəşəm idman tədbirləri idi. Amma, eyni zamanda, həm Avropa, həm İslam Oyunlarının iki il ərzində bir şəhərdə, bir ölkədə keçirilməsi həm Avropa, həm İslam aləminin bizə olan münasibətini göstərir, həmçinin onu göstərir ki, bir daha dediyim fikirlərə qayıdıram - Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında nadir rol oynayır.

Digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüşdür. Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər. Çox səmərəli görüş keçirilmişdir, çox səmimi fikir mübadiləsi aparılmışdır. Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq, bir görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı Prosesi” adı verildi. Bu gün “Bakı Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik. “Bakı Prosesi” bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də təşəbbüs Azərbaycan tərəfindən gəldi.

Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.

Azərbaycan gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 26 yaşı var. Müstəqilliyin ilk illəri çox ağır keçmişdir, çox faciəvi hadisələr baş vermişdir. 1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü, bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin inkişafı üçün perspektivlər çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı hakimiyyət Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı. Mənfur qonşu Ermənistan bundan istifadə edərək torpaqlarımızın bir hissəsini işğal etmişdir. Yəni, Azərbaycan demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə Azərbaycan xalqı özünə xas olan müdriklik göstərərək böyük lider Heydər Əliyevi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolu ilə gedir. 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar, beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni Konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildi və bu gün də Azərbaycan uğurla inkişaf edir. Eyni zamanda, müstəqilliyin ilk illərində Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər də demək olar ki, pozulmuşdu. Yumşaq desək, bu sahədə, çox böyük səhvlər, dəqiq desək, cinayətlər törədilmişdir. Məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bu sahədə də dönüş yarandı, dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.

Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı cinayət – Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.

BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.

Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi, dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir. Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq.

Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər, günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir.

Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdir. Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımından Azərbaycan son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi daxili məhsul 3 dəfədən çox artmışdır.

Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir.

Məndə və bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.

Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. İki ay bundan əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə ən qısa yolla birləşdirdi. Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır, maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir.

Əlbəttə ki, bütün bu nailiyyətləri biz qonşularımızla birlikdə əldə etmişik. Tranzit olmaq istəyən hər bir ölkə gərək öz qonşuları ilə yaxın münasibətlər qursun. Bizdə də bu, belədir. Biz qonşularımızla çox sıx əlaqələr qurmuşuq. Əlbəttə ki, bu, regional təhlükəsizliyə və sabitliyə də öz müsbət təsirini göstərir.

Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik.

Fürsətdən istifadə edərək, sizə - bütün qonaqlara Bakıya gəldiyiniz üçün bir daha təşəkkürümü bildirirəm və konfransa uğurlar arzulayıram. Sağ olun.

X X X

İran Prezidenti Aparatının rəhbəri Mahmud VAEZİ çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Əvvəlcə, “İslam Həmrəyliyi İli”nin sonuncu toplantısında iştirak etdiyim üçün şad olduğumu, bu mühüm tədbiri təşkil edənlərə, dost və qardaş Azərbaycan Respublikasındakı və gözəl Bakı şəhərindəki qardaşlarımın qonaqpərvərliyinə görə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox məzmunlu nitqinə görə təşəkkür edirəm. Cənab Prezidentin bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. İstəyirəm ki, bu fürsətdən istifadə edərək İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dostluq və qardaşlıq mesajını Azərbaycan Respublikasının Prezidentinə və bütün qonaqlara çatdırım. Onu da bildirmək istəyirəm ki, 2017-ci ildə Azərbaycan Respublikası İslam həmrəyliyi sahəsində çox böyük işlər görmüşdür.

Sonra Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin müraciətini oxudu.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin müraciəti

“Bismillahir-rəhmanir-rəhim.

İran İslam Respublikası Azərbaycan Respublikasının möhtərəm Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini müsbət qarşılayaraq dəstəklədi. İran bu təşəbbüs çərçivəsində beynəlxalq konfrans və toplantılardan birinin cari ilin avqustunda Tehranda keçirilməsini təşkil etdi. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizdən çoxlu sayda idmançının iştirak etməsi bu təşəbbüsü dəstəkləməyimizin başqa bir göstəricisidir.

İslam dini məhəbbət, rəhmət, mehribanlıq və insansevərlik dinidir. Müqəddəs İslam dininin mesajı bütün insanlara qarşı sevgi və məhəbbət mesajıdır. Allah İslam peyğəmbərini bütün aləmlərə rəhmət olaraq göndərib. Digər tərəfdən, “Qurani-Kərim”in nurlu ayələri, Məhəmməd Peyğəmbərin kəramətli təlimləri və imamların dəyərli tövsiyələri müsəlmanlar arasında birliyin qorunmasına və hər növ təfriqədən uzaq olmağa təkid edir. Biz İslam ölkələri dinin bu vacib əmrini yerinə yetirməkdə böyük məsuliyyət daşıyırıq. Təəssüf ki, dünyanın hazırkı siyasi şəraitində müsəlmanlar arasında birliyin böyük maneələrlə üzləşdiyinin şahidiyik. Bu maneələrin böyük hissəsi müsəlmanlar arasında vəhdətin yaranmasını özlərinin siyasi mənafeyi əleyhinə hesab edən düşmənlərin bədxah niyyətlərinin nəticəsidir. Bunun bir hissəsi də İslam ümməti arasında yaranan ixtilaflara və ayrı-ayrı qruplara bölünməyə aiddir. Biz inanırıq ki, əgər müsəlmanlar bir-birinin yanında olsalar, dünya gücləri heç vaxt müsəlmanların elit qibləsinə əl uzatmağa cəsarət etməzlər. Əgər İslam ölkələri və xalqları vəhdət və qardaşlıq səmtinə yönəlsələr, İslam torpağına qarşı bu qədər təcavüzün və müsəlmanların didərgin düşmələrinin şahidi olmarıq. Bu, cənab Prezidentin də qeyd etdiyi çox gözəl bir məqamdır. İslam ölkələrinin ərazi bütövlüyü məsələsində bu, çox önəmli bir məsələdir. Əgər müsəlmanlar dinin həqiqi təlimlərini dünyaya tanıtdırsalar, İŞİD və digər radikal terrorçu qruplar heç vaxt özlərini dünyaya İslam dininin carçıları kimi təqdim etməyə və gəncləri azdırmağa imkan tapmazlar. Bu qruplar İslam dininə etiqad etmirlər. Çünki onları İslam ümmətinin düşmənləri olan bəzi qüvvələr yaradırlar. Bu qrupların fəaliyyəti ixtilaflara, münaqişələrə, dağıntılara və İslam dininin gözdən salınmasına səbəb olub.

İndi artıq hamıya bəlli olmalıdır ki, ABŞ İslam ölkələri arasında ixtilaf və intriqa yaratmaq niyyətindədir və sionist rejimin qeyri-qanuni mənafeyini təmin etməkdən başqa məqsədi yoxdur. Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi barədə qərarı, eləcə də BMT Təhlükəsizlik Şurasının son iclasındakı səsverməyə veto qoyması Birləşmiş Ştatların anti-islam və anti-Fələstin siyasətinin bariz nümunələrindəndir. Xoşbəxtlikdən keçən həftə İstanbulda baş tutan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin fövqəladə Zirvə toplantısı İslam ölkələrinin ABŞ-ın qəbul etdiyi bu qərara qarşı açıq-aydın və qətiyyətli mövqeyini, eləcə də Fələstin amalına qəti dəstəklərini nümayiş etdirdi. Bunun özü də məzlum Fələstin xalqı üçün aydın gələcəyin müjdəsini verir.

Cənab Prezident, hörmətli konfrans iştirakçıları.

ABŞ və sionistlər Fələstin məsələsinin İslam dünyasında bir nömrəli məsələ kimi gündəmdə qalmasını istəmirlər. İslam ölkələri arasında ixtilaf və təfriqə yaradan mövzuların gündəmə gətirilməsi Fələstin məsələsinin unutdurulması məqsədini daşıyır. Biz heç vaxt İslam düşmənlərinin bu planlarının müsbət nəticələnməsinə icazə verməməliyik. Buna görə də hamımız Fələstinin və Fələstin xalqının müdafiəsi məsələsini özlərinin qanuni hüquqlarını bərpa edənə, yəni Qüdsün paytaxtlığı ilə bütün Fələstin torpaqlarında müstəqil Fələstin dövlətinin təşkil olunmasına qədər özümüzün əsas vəzifəmiz hesab etməliyik.

Bu gün birlik və vəhdət müsəlmanların ən şəfaverici dərmanı və dərdlərinin məlhəmidir. Təfriqə və ayrılıq isə daim İslam ümmətinə böyük zərbələr vurmuşdur. Əgər İslam ölkələri birlikdə olsalar və bir-birini əzmək əvəzinə bir-birinə dəstək versələr, İslama düşmən olan qüvvələrə müraciət etməyə ehtiyac qalmayacaq.

İran İslam Respublikası özünün prinsipial siyasətinin davamı olaraq, müsəlmanlar arasında birliyin qurulması və İslam qardaşlığının gücləndirilməsi yolunda əlindən gələni əsirgəməyəcək. İslam ümməti böyük siyasi, mədəni və iqtisadi potensiala malikdir. Bu birlik sayəsində bu potensialdan İslam ümmətinin rifahı və əmin-amanlığı üçün istifadə etmək vacibdir.

“İslam Həmrəyliyi İli”nə həsr olunmuş sonuncu tədbir müsəlmanların birliyini düşünən insanların bu maneələrin patologiyasını öyrənmək və İslam ölkələri arasında vəhdətin və əməkdaşlığın daha da güclənməsi üçün yeni həll yolları təqdim etmək baxımından yaxşı fürsətdir.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Həsən Ruhani, İran İslam Respublikasının Prezidenti”.

X X X

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfransa müraciətini oxuyan Türkiyənin Diyanət İşləri Başqanı Əli ƏRBAŞ dedi:

- Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev həzrətləri, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zati-alilərinizə göndərdiyi məktubu diqqətinizə çatdırıram:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti

“Cənab Prezident, hörmətli qonaqlar.

Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən konfransın uğurlu olmasını arzu edirəm.

Bütün dünyada münaqişələrin, gərginliyin, islamofobiyanın, ksenofobiyanın və mədəni irqçiliyin artdığı bir vaxtda təşkil olunan bu konfransın son dərəcə önəmli olduğunu düşünürəm. Populist siyasətçilərin və məsuliyyətsiz kütləvi informasiya vasitələrinin təşviqi ilə get-gedə daha çox yayılan nifrət atmosferi təkcə müsəlmanlara deyil, dili, dini və mədəniyyəti fərqli olan milyonlarla insana öz mənfi təsirini göstərir.

Hamısından daha vacibi odur ki, bu mənzərə bütün bəşəriyyətin sülh, əmin-amanlıq şəraitində, birlikdə yaşamaq iradəsinə də zərbə vurur. Bunun son acı nümunələrini Arakanda gördüyümüz kimi, sırf inanclarına görə 650 min insan doğma yurdlarından didərgin düşdü və çoxu uşaq, qoca və qadın olan minlərlə Rohinca müsəlmanları vəhşicəsinə qətlə yetirildi.

Şübhəsiz ki, 25 ildir vətən həsrəti ilə evlərindən uzaqda yaşayan bir milyondan çox azərbaycanlı qardaşımız etnik təmizləmə, işğal və qətliamın nə demək olduğunu ən yaxşı bilənlərdəndir. Buna bənzər zülmlər bütün dünyanın gözü qarşısında Suriyadan Fələstinə qədər yaxın coğrafiyamızda yaşanmaqdadır.

Qlobal ədalət, təhlükəsizlik və sabitliyin təminatına cavabdeh olan qurum və dövlətlər isə təəssüflər olsun ki, bu prosesdə öz vəzifələrini yerinə yetirə bilmirlər. Daha dəhşətlisi ABŞ hökumətinin Qüdslə bağlı sonuncu bəyanatında olduğu kimi, BMT Təhlükəsizlik Şurasının qərarlarını saymayan, beynəlxalq hüquqa zidd olan, gərginlik və münaqişəni daha da artıran qərarlar verməsidir.

Bu mənfi gedişata qarşı məsuliyyətli insanlar olaraq öhdəmizə düşən vəzifə gələcəyimiz, övladlarımızın gələcəyi naminə addımlar atmaqdır. Ötən həftə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə Zirvə toplantısı bu istiqamətdə atılmış tarixi addımdır.

İstər qəbul olunan qərarlar, istərsə də toplantıya göstərilən böyük maraq Amerika Birləşmiş Ştatları hakimiyyətinin İsrailin işğalçı siyasətini mükafatlandıran qərarına qarşı İslam ölkələri arasındakı həmrəyliyi açıq şəkildə ortaya qoydu.

Arzumuz ABŞ hökumətinin fanatiklərin çörəyinə yağ sürtən, müsəlmanlarla birlikdə xristianların da Qüds üzərindəki haqlarını yox sayan bu qərarını ən qısa vaxtda dəyişdirməsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə keçirilən bu konfransın digər mövzularla yanaşı, Qüds üçün də önəmli bir addım olacağını inanıram.

Konfransın keçirilməsində əməyi olan Azərbaycanın bütün dövlət rəsmilərini təbrik edir və 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edən əziz qardaşım Prezident İlham Əliyevə xüsusilə təşəkkür edirəm.

Bu fikirlərlə səmimi dəvətinizə görə təşəkkürümü bildirir, konfransda iştirak edən bütün qonaqlarımızı ürəkdən salamlayıram.

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikasının Prezidenti”.

X X X

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin konfransa müraciətini oxuyan Prezidentin dövlət müşaviri Rüstəm KAMİLOV dedi:

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

İlk növbədə, Özbəkistan nümayəndə heyətinin belə mötəbər konfransda iştirak etmək dəvətinə görə təşəkkürümü bildirmək, Şavkat Miromonoviç Mirziyoyevin salamlarını Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevə çatdırmaq və konfrans iştirakçılarına onun müraciətini oxumaq istərdim:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin müraciəti

“Hörmətli konfrans iştirakçıları. Belə mötəbər beynəlxalq konfransın iştirakçılarını - dövlət, din və ictimai xadimləri, beynəlxalq təşkilatların rəhbərlərini, tanınmış alimləri səmimi qəlbdən salamlamağa şadam və sizə öz dərin hörmət və ən xoş arzularımı çatdırıram.

Bizim müqəddəs dinimiz İslama xas olan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələri arasında əsl humanizm, alicənablıq və xeyirxahlıq, sülh və maarifçiliyə, hörmətə və qarşılıqlı anlaşmaya səylər, bu alicənab dəyərlər bu gün daha böyük əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin təşəbbüsü ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi xüsusilə diqqətəlayiqdir. Bizim üçün Özbəkistanda ilin tədbirlərindən birini - “Özbəkistanın və Azərbaycanın timsalında İslam həmrəyliyi” beynəlxalq konfransı qəbul etmək böyük şərəf idi. Bu nüfuzlu forumun iştirakçıları qeyd etdilər ki, hazırkı qeyri-sabit vaxtda İslamın əsl sülhsevər mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması xüsusilə mühüm və aktual məsələyə çevrilir. Bu məqsədlə Özbəkistanda az iş görülmür. Təkcə bu il biz ölkədə İslam Mədəniyyəti Mərkəzinin, imam Buxarinin və imam Tirmizinin beynəlxalq elmi-tədqiqat mərkəzlərinin yaradılması haqqında qərar qəbul etmişik. Biz, həmçinin Özbəkistanın İslam Akademiyasını təsis etmişik. Məşhur Mir Ərəb Mədrəsəsi bazası əsasında daha bir ali dini tədris müəssisəsi yaratmışıq. Bürhanəddin Mərqənnani, imam Maturidi, Bəhauddin Nəqşibəndi elmi-dini məktəblərini bərpa etmişik.

Böyük əcdadlarımızın misilsiz irsi bu gün də öz elmi və dini əhəmiyyətini itirməyib. Şübhəsiz ki, bu, bugünkü çətin və həyəcanlı zamanda bəşəriyyət qarşısında qoyulan kəskin vəzifə və problemlərin həllində böyük rol oynayır, gənc nəsli düzgün yola yönəltməyə kömək edir. Qeyd etmək lazımdır ki, bizim bütün bu xeyirxah təşəbbüslərimiz İslam dünyasında, o cümlədən qardaş Azərbaycanda dəstəklənir.

Əziz dostlar, biz dinc və sakit həyatın, bütün dünyada qarşılıqlı hörmət, razılıq və tolerantlıq ab-havasının möhkəmləndirilməsinin mühüm amili kimi müqəddəs dinimizi və İslam mədəniyyətini yüksək qiymətləndiririk. Biz İslamı zorakılıq və qan axıdılması ilə bir sıraya qoyanları, öz qərəzli siyasi məqsədləri üçün istifadə etməyə çalışanları qətiyyətlə pisləyirik. Buna görə də təsadüfi deyil ki, BMT-nin Baş Məclisinin 72-ci sessiyasında Özbəkistan xüsusi “Maarifçilik və dini tolerantlıq” qətnaməsinin qəbul olunması təşəbbüsü ilə çıxış etdi.

Əminəm ki, Azərbaycanda “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş bu beynəlxalq konfrans müsəlman ölkələrinin əməkdaşlığının möhkəmlənməsinə, dinlərarası və mədəniyyətlərarası dialoqun genişlənməsinə öz layiqli töhfəsini verəcək. Konfransın bütün iştirakçılarına cansağlığı, xoşbəxtlik və tədbirin işinə uğurlar arzulayıram.

Şavkat Mirziyoyev, Özbəkistan Respublikasının Prezidenti”.

X X X

Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının İslam ilə dialoq departamentinin rəhbəri Xaled AKAŞE Müqəddəs Taxt-Tacın adından çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam həzrətləri Allahşükür Paşazadə.

Hörmətli dini rəhbərlər, Zati-aliləri, xanımlar və cənablar, əziz dostlar.

Hamımız bilirik ki, 2016-cı il oktyabrın 2-də bu gözəl ölkəyə səfər etmiş Zati-müqəddəsləri Papa Fransisk qardaş və bacı kimi bir-biri ilə görüşmək məqsədilə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirmək və yaralardan əziyyət çəkən bəşəriyyətə ümid çırağını yandırmaq məqsədi daşıyan bütün təşəbbüslərə dəstək verməkdədir.

Zati-müqəddəsləri ilə Şeyxülislam Allahşükür Paşazadə, eləcə də digər dini rəhbərlərlə Heydər Məscidində keçirilmiş dinlərarası görüş Papanın səfərinin nəinki çox əhəmiyyətli aspektinə çevrildi, həmçinin bütün dünya xalqlarına güclü mesaj oldu. Dinlər sülhə və qardaşlığa aparır. Tanrı adı altında qətl törətmək absurddur. İbadət üçün toplaşmış insanları məhv etmək, - bir neçə gün əvvəl Pakistanda baş vermiş hadisə buna misaldır, - hamımızın nəinki pislədiyimiz, o cümlədən onun qarşısını almalı olduğumuz imansız barbarlıq aktıdır. Bu baxımdan, dinlərarası və mədəniyyətlərarası dialoq nadir rola malikdir. Bu iki növ dialoqun vacibliyindən məlumatlı olaraq Katolik Kilsəsi təqribən 50 il bundan əvvəl Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Pontifik şuralarını yaratdı.

Dinlərarası Dialoq üzrə Pontifik Şurasının sədri kimi mən bu konfransda iştirak edən sizlərə - dini rəhbərlərə və hörmətli iştirakçılara və sizin simanızda ölkələrinizə, dini icmalara, təsisat və təşkilatlarınıza sülh, təhlükəsizlik və əmin-amanlıq kimi ən xoş arzularımı çatdırmaqdan məmnunam. Vatikan Dekasteriyası adından mən Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, hökumətinə və dini qurumlara təşəkkürümü bildirir, onların hamısına Tanrıdan xeyir-dualar diləyirəm.

Natiqlərə verilmiş qısa vaxtı nəzərə alaraq, dinlərarası dialoq kimi ülvi məqsəd üçün mən qarşınızda çıxışımı dekalogiya formasında davam etdirmək istərdim:

Birincisi, mən hər zaman hər bir insanın və ya qrupun ayrılmaz hüquqlarının, onun ləyaqətinin qorunmasında, müdafiəsində, təşviq olunmasında iştirak edəcəyəm.

İkincisi, mən dini seçimə gəldikdə, hər bir insanın istənilən bir yerdə etdiyi seçimə hörmətlə yanaşacağam.

Üçüncüsü, mən hamı üçün ədaləti təşviq etməklə sülhün qorunmasına çalışacağam.

Dördüncüsü, mən yoxsullara, xəstələrə, immiqrantlara, insan alverinin qurbanlarına hər zaman öz yardımımı göstərəcəyəm.

Beşincisi, mən vəd edirəm ki, öz çıxışlarımla, - xüsusən də əgər mən dini rəhbərəmsə, - hər zaman ədavətin və zorakılığın aradan qaldırılması məqsədilə dostluğu və qardaşlığı yayacağam.

Altıncısı, mən əlimdən gələni edəcəyəm ki, bütün Yer Kürəsi bizim ümumi evimiz olsun və bütün təbii nemətlərdən hamımız yararlanaq.

Yeddincisi, mən humanist yanaşmanı qardaş və bacılarıma təşviq edəcəyəm, onları həvəsləndirəcəyəm. Çünki Ulu Tanrı bütün bunları bizim üçün yaratdı.

Səkkizincisi, Tanrıya üzümü tuturam və bildirirəm ki, mən sülhün və barışın carçısı olacağam.

Doqquzuncusu, mən hər kəsin ən xoş arzularına çatması üçün dua və ibadət edəcəyəm.

Nəhayət, onuncusu, mən öz davranışımla çalışacağam ardıcıl olum, etimadı qazanım, digərlərinin köməyinə yetişim. Xüsusən də əgər siz valideynsinizsə, dini rəhbərsinizsə və müəllimsinizsə bunu etməlisiniz və o mövqedə olmalısınız ki, təhsil vasitəsilə insanları bu yola məhz sövq edə, öz şəxsi nümunənizi göstərə biləsiniz.

Mən Ulu Tanrıdan hamıya xeyir-dua diləyirəm və uğurlar arzulayıram. Sağ olun, Ulu Tanrı sizi qorusun.

X X X

Konstantinopol Patriarxı I Varfolomeyin müraciətini oxuyan Fransa Mitropoliti və Ekonomik Patriarxlığın eqzarxı Emmanüel ADAMAKİS dedi:

- Zati-aliləri, cənab Prezident İlham Əliyev.

Böyük məmnuniyyətlə burada Ekümenik Patriarx həzrətləri I Varfolomeyin müraciətini oxuyuram:

Konstantinopol Patriarxı I Varfolomeyin müraciəti

“Ekümenik Patriarxlığın adından Sizi “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans münasibətilə təbrik etmək istəyirəm. Biz bu mühüm təşəbbüsə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə və Şeyxülislam Allahşükür Paşazadəyə xüsusi minnətdarlığımızı bildiririk.

Bu gün keçirilən beynəlxalq konfransın mövzusu dialoqun və həmrəyliyin təşviq olunmasının əhəmiyyətindən, onların mütləq bağlılığından xəbər verir. 2016-cı ildə Pravoslav Kilsəsinin müqəddəs və böyük şurası peyğəmbər dili ilə bəyan etmişdir: “Dinlərarası sağlam dialoq qarşılıqlı etimadın artmasına, sülhün təşviqinə və barışa töhfə verir. Kilsə səmavi səltənətdə olan sülhün Yer üzündə daha yaxşı hiss edilməsinə çalışır. Əsl sülh silahın gücünə deyil, yalnız özgəni özündən seçməyən məhəbbətlə əldə olunur. İmanın nuru özgənin yaralarına məlhəm olmalı, onları sağaltmalı, yeni ədavət odunu alovlandırmamalıdır. Həmrəylik sözü azadlıq, məhəbbət və ədalət kimi məfhumlara istinad edərək sosial ruhun tam mərkəzini özündə ehtiva edir. O, ədalətli cəmiyyət uğrunda aparılan mübarizədə yenilməzliyi, sosial siniflər arasında hər hansı fərq qoymadan insan ləyaqətinə hörmətlə yanaşmanı nəzərdə tutur. Hesab edirik ki, bəşəriyyətin gələcəyi həmrəylik mədəniyyətinin qurulmasından asılıdır”.

Dini ənənələrə artıq bir-birindən ayrıca baxıla bilməz. Əksinə, qloballaşma kimi fenomenə görə, dinlər həmrəylik mədəniyyətinin bərpası naminə dövlət qurumları və vətəndaş cəmiyyəti ilə yanaşı, bir-biri ilə daha sıx işləməlidir.

Gəlin, səmimi danışaq, bu gün dünyada özgəyə etimadın olmaması, özgənin qeyri-düzgün şəkildə təsvir olunması səbəbindən həmrəyliyin böhranı yaşanır. Bizim üçün həmrəyliyin böhranı, həmçinin məhəbbətin böhranıdır. İlahiyyatçı müqəddəs Con birinci məktubunda yazırdı: “Bir-birimizi Tanrıya olan eşq naminə sevək. Eşqli hər bir məxluq Tanrıdan dünyaya göz açır. Tanrı onun üçün pənahdır. Eşqi əskik olan bəndələr Tanrını tanımır, onun eşqinə sığınmır”.

İqtisadi və sosial problemlər öz həyatını yaşayan insanları caynaqlarına alır, onların azadlığına, ləyaqətinə müdaxilə edir. Dinlər gözəl mərhəmət və həmrəylik ənənələrini inkişaf etdiriblər. Hətta dinə bu gün rəqib çıxanlar imanın sosial qüdrətinə, onun təsirinə mat qalırlar. Dinlərarası dialoq, ətraf mühit məsələləri və həmrəylik mədəniyyəti təkcə bu nəslin məsuliyyəti olmalı deyil. Gələcək nəsillər, həmçinin güruh və zorakılıqdan azad, çirklənməyə və təbii dağıntılara məruz qalmayan dünyaya, məkanı həmrəylik olan cəmiyyətə malik olmalıdırlar.

2017-ci ilin aprelində Əl-Əzhər Universitetində olduğumuz səbəbə görə bu gün də müsəlman dostlarımızla birgəyik. Bu gün biz təkrar etmək istərdik: “Dinlərarası dialoq dini ənənələrin fərqlərini etiraf edir, xalqlar və mədəniyyətlər arasında sülh şəraitində yan-yana yaşamanı və əməkdaşlığı təşviq edir. Dinlərarası dialoq kiminsə imanını inkar etmək deyil, əksinə, bir insanın digərinə aid rəyinə və ya davranışına hörmətlə yanaşmaq deməkdir. Beləliklə, o, yanlış düşüncələri sağalda bilər, onları havaya sovurar və münaqişələrin qarşılıqlı anlaşma və sülh yolu ilə həllinə töhfə verər. Yanlışlıq və səhv düşüncələr dinin qeyri-düzgün təfsirindən doğur. Bu gün burada bu mühüm konfransda olmağımızla biz ən azı bir yanlışlığa qarşı olduğumuzu bildirmək istərdik – İslam terrorçuluqla bərabər tutulmalı deyil. Çünki terrorçuluq hər hansı dinə yaddır. Bu səbəbdən dinlərarası dialoq qorxunu, şübhələri dəf edə bilər. O, sülh üçün əhəmiyyətlidir. Lakin qarşılıqlı etimad və hörmət daxilində olmalıdır”.

Dialoq olmadan həmrəylik mövcud ola bilməz. Dialoq fundamentalizmin məlhəmidir. O, davranışdır və daha böyük həmrəyliyin mənbəyidir. Yad bəndə ilə dialoq bizim özünəməxsusluğumuza hədə deyil, əksinə, o, əlaqələri dərinləşdirir və zənginləşdirir. Dialoq fanatizmə və nisbiliyə müqavimətdir. O, müxtəlifliyi və mədəniyyətlərarası mübadiləni təmin edir. Dialoq ümidverici fürsətdir və müsbət tapşırıqdır. Fərqli olmaq qorxusu və yadlıq öz mədəniyyətinin məcrasına qapanmaq deməkdir və nəticədə o, fundamentalizmə sürükləyir.

Xanımlar və cənablar, əziz dostlar, dünyada insanlar arasında dialoqun və həmrəyliyin təşviqinə əlavə olaraq Pravoslav Kilsəsinin birlik rəmzi olan Ekümenik Patriarxlığının salamlarını sevinc hissi ilə sizə çatdırırıq. Biz dini sosial əhatəlilik vasitəsi kimi görməliyik və bu, bizim digər bir məsuliyyətimiz olmalıdır. Dini əməkdaşlıq vəzifəsi sosial çərçivəmizi aşan metafizik çıxışlarla dinlərin sosial fəaliyyətini daha əhatəli etmək cəhdlərimiz arasında düzgün tarazlığın tapılmasından ibarətdir. Belə olan halda biz düzgün yola çıxa bilərik. Başqa sözlə desək, biz əl-ələ verərək müqəddəs ilə dünyəvi kəlamlar arasında formal fərqlənməni bir araya gətirməliyik. Dini lider kimi rolumuz yad bəndəni düzgün təsvir etmək, dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin təşəbbüslərinə dəstək vermək olmalıdır. Biz əsrlər boyu inkişaf etdirdiyimiz bacarıqları təşviq etməliyik. Dialoq, qarşılıqlı tanınma, mədəniyyətlərarası və dinlərarası əlaqələr və nəhayət, həmrəylik. Sağ olun.

I Varfolomey, Konstantinopol Patriarxı”.

X X X

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin konfransa müraciətini oxuyan Novqorod və Starorus Mitropoliti LEV dedi:

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

Möhtərəm Paşazadə.

İcazə verin, Patriarx Kirill müqəddəslərinin təbrik məktubunu oxuyum:

Moskva və bütün Rusiyanın Patriarxı Kirillin müraciəti

“Əziz qardaş və bacılar. Hazırda Azərbaycan paytaxtına toplaşanları salamlayıram. Bu konfransla “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tədbirlər silsiləsi başa çatır. Bu layihənin mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyətini qeyd etmək və bu təşəbbüsün digər ölkələrdə laqeyd qalmayan insanları ilhamlandıracağına ümidvar olduğumu bildirmək istərdim.

Müasir cəmiyyət bir çox ciddi dünyagörüşü çağırışları ilə toqquşur, ənənəvi ədəb normaları korroziyaya məruz qalır, Xeyir ilə Şər arasında sərhədlər silinir, din ictimai həyatın kənarına sıxışdırılır, psevdodini ekstremizm ideyaları və dözümsüzlük geniş yayılır. Əminəm ki, dünyəvi dinlərin liderləri bu çağırışlara layiqli və qəti cavab verərək qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın, etiqadın və mənəviyyatın müdafiəsi mexanizmlərinin axtarışı nümunəsi göstərəcəklər.

Qeyd etmək fərəhlidir ki, ötən illər ərzində Azərbaycan olduqca mühüm dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzi statusunu özü üçün qəti möhkəmləndirib. Şübhəsiz ki, bu məsələdə ölkənin dövlət rəhbərliyinin böyük xidməti var. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə çoxillik səmərəli və etimada əsaslanan əməkdaşlığa görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Ümidvar olduğumu bildirirəm ki, hazırkı konfransın işi xalqlarımızın həyatında ənənəvi dini-mənəvi dəyərlərin təsdiqinə, dinlərarası sülhün və regionda əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək. Konfrans iştirakçılarına bol-bol ruhi və cismani qüvvə, məhsuldar diskussiya, xoş təşəbbüslərində uğurlar və xeyir-dua diləyirəm.

Kirill, Moskva və bütün Rusiyanın patriarxı”.

X X X

Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın konfransa müraciətini oxuyan Axaltsixi və Tao-Klarcet Mitropoliti, Katolikos-Patriarx II İliyanın Vikarisi və xüsusi nümayəndəsi TEODOR dedi:

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həsrətləri.

Dini qurumların nümayəndələri və “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans iştirakçıları.

İcazə verin, Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın müraciətini səsləndirim:

Ümumgürcüstan Katolikos-Patriarxı II İliyanın müraciəti

“Zati aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.

Dini təşkilatların nümayəndələri və “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans iştirakçıları.

Qədim Gürcüstan Pravoslav Kilsəsi adından və şəxsən öz adımdan hamınızı salamlayıram. Şeyxülislam Allahşükür Paşazadəyə, eləcə də konfransın təşkilatçılarına belə mötəbər tədbirdə iştirak etmək imkanı yaratdıqlarına görə dərin hörmətlə minnətdarlığımızı bildiririk.

Bu konfransın da xidmət etdiyi dinlər və mədəniyyətlər arasında dialoq bütün dünyada öz tərəfindən sülhü və sabitliyi təmin edən fundamental istiqamətdir. Hamı bununla razılaşır ki, hazırda etiqad müxtəlifliyi xalqların dinc yanaşı yaşamasına mane olmamalıdır. Bizim dövlətlərimiz - Azərbaycan ilə Gürcüstan, ölkələrimiz və xalqlarımız, Gürcüstan Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında qarşılıqlı münasibətləri, eləcə də mənimlə Şeyxülislam Allahşükür Paşazadə arasında çoxillik şəxsi sıx bağları qardaşlıq məhəbbəti nümunəsi adlandırmaq olar. Lakin təəssüf ki, müvafiq nümunələrə hazırkı dövrdə artıq tez-tez rast gəlinmir.

Son vaxtlar müxtəlif ölkələrdə baş vermiş terror aktlarını və Yaxın Şərqdə vəziyyəti nəzərə alaraq hesab edirik ki, müasir dünya qarşısında duran bütün yeni və mürəkkəb çağırışların əsas səbəbi mənəvi dəyərlərin alçaldılması və inkar edilməsidir. Bu da qarşılıqlı anlaşmanın və etimadın itirilməsinə gətirib çıxarır. Bunun nəticəsində də qarşıdurmalar və münaqişələr yaranır. Buna görə də belə çətin dövrdə həm siyasi, həm də dini liderlərin üzərinə xüsusi vəzifələr düşür. Bu liderlər cəmiyyətə düzgün istiqamət təklif edərək, sülhə və tolerantlığa cəhdləri möhkəmləndirməlidirlər. Konfranslar, görüşlər və müxtəlif tədbirlər bunun üçün münbit şərait yaradır. Təhsil, elmi, tibbi, sosial, mədəni və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi ciddi fayda daşıyır.

Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi, Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə öz dəyərli töhfəsini və müasir çağırışlara cavab verən xeyli mühüm layihələr işlənib hazırlanıb. Əminik ki, hazırkı konfransın yekunları da həm regional, həm də beynəlxalq miqyasda çox faydalı olacaq, ümummənəvi dəyərlərin qorunmasına və möhkəmlənməsinə təkan verəcək. Bu da insanların və xalqların qarşılıqlı hörmət və uzunmüddətli dinc yanaşı mövcudluğu üçün təməldir. Belə ki, müqəddəs peyğəmbər David Vaiz yazırdı: “Dünyada ən böyük gözəllik insanların birlikdə dinc yaşamasıdır”. Bizim ən xoş arzularımızı qəbul edin.

II İliya, Ümumgürcüstan Katolikos-Patriarxı”.

X X X

Sonra ISESCO-nun baş direktoru Əbdüləziz Əl-Tuveycri çıxış etdi.

Baş direktor Əbdüləziz Əl-Tuveycrinin çıxışı

-Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev.

Hörmətli konfrans iştirakçıları.

2017-ci il “İslam Həmrəyliyi İli”ndə dinlər və mədəniyyətlər arasında dialoqa həsr olunmuş bu konfransda Sizi görməkdən məmnunluq hissi duyuram. Əvvəlcə bu vacib konfransın təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu vacib və əhəmiyyətli konfransın keçirilməsi bütün dünya qarşısında İslam aləminin həmrəyliyinin bariz nümunəsidir. Xüsusən də hesab edirik ki, müsəlmanların ilk qibləsi olan Qüdsi-Şərifin müdafiə olunmasında və bu problemin tezliklə ədalətli həllinin tapılması istiqamətində bu cür konfransların böyük əhəmiyyəti var. Eyni zamanda, hesab edirik ki, Fələstin dövlətinin yaradılması və Qüdsi-Şərifin onun paytaxtı elan olunması bizim mədəniyyətimizin və dinimizin ayrılmaz hissəsidir.

Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının sabit, davamlı mövqeyini və Azərbaycan Prezidenti İlham Əliyevin davamlı səylərini və İslam aləmində həmrəyliyin gücləndirilməsi üçün göstərdiyi səyləri xüsusi qeyd etmək istəyirəm.

Biz hesab edirik ki, anlayışın və tolerantlığın, xalqlar arasında birgə yaşayışın təşviqi işində Azərbaycanın rolu danılmazdır. Eyni zamanda, ümmətimizin qarşılaşdığı problemlərin və çağırışların həllində, həmçinin ümmətimizin daha da inkişafı və rifahı istiqamətində atılan addımlar da təqdirəlayiqdir. Biz İslam aləmində dinlər və mədəniyyətlər arasında anlayışın və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərimizi əsirgəmirik. Gündən-günə inkişaf edən Bakı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vacib əhəmiyyət kəsb edən bir sıra konfranslar və forumlar keçirilib. Bu forumlarda, konfranslarda müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri iştirak ediblər. Ona görə mən hesab edirəm ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox müdrik bir qərardır və İslam aləmində həmrəyliyin möhkəmlənməsinə göstərilən səylərin bariz nümunəsidir. Bu qərar əlbəttə ki, İslam ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsini, əlaqələrin daha da gücləndirilməsini və koordinasiyasını tələb edən vacib qərardır.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev və hörmətli konfrans iştirakçıları. Mən düşünürəm ki, biz İslam mədəniyyətinin və əxlaqının gələcək nəsillərə daha da yaxşı aşılanması üçün əlimizdən gələni etməliyik və onları həmrəylik hissləri ilə böyütməliyik. İslam aləminin gələcəyinin qurulması gələcək nəsillərin üzərinə düşəcək. İslam ölkələrinin gələcəkdə davamlı inkişafı və rifahı məhz bizim gələcək nəsillərin səylərindən asılı olacaq. Arzu edirəm ki, İslam aləmində təhlükəsizlik, sülh və əmin-amanlıq bərqərar olsun. Mən bu fürsətdən istifadə edərək təklif edirəm ki, İslam həmrəyliyi mövzusu bütün İslam aləmində məktəblərin, universitetlərin tədris proqramlarına daxil edilsin. Hesab edirəm ki, ISESCO və İslam ölkələrinin universitetləri bu məsələnin araşdırılmasına başlayacaq.

Gələcək nəsillərin İslam həmrəyliyi ruhunda tərbiyə olunması, İslam ölkələrinin inkişafı üçün böyük tədbirlər görülməlidir. İslam aləminin üzləşdiyi çağırışa qarşı biz birgə səylər göstərməliyik. Əlbəttə, hesab edirəm ki, bütün İslam aləminin xalqları, eyni zamanda, dünyada mövcud olan bütün xalqlar işğala qarşı olmalıdırlar. Azərbaycan neçə illərdir ki, Ermənistan tərəfindən işğala məruz qalıb və Azərbaycan xalqı bu işğaldan əziyyət çəkir. Bu məsələdə beynəlxalq qurumların qərarları və qətnamələri yerinə yetirilmir. Hesab edirik ki, azərbaycanlı məcburi köçkünlər və qaçqınlar tezliklə öz doğma yurdlarına qayıtmalıdırlar.

Eyni zamanda, Mərkəzi Afrika Respublikasında baş verən hadisələr də dediklərimizin bariz nümunəsidir. Çünki bəzi ölkələr hesab edirlər ki, onlar xristian ölkələridir. Burada baş verən hadisələr də bizi çox narahat edir.

İslam bütün dünya üçün mərhəmət dini kimi göndərilib. Biz İslam ölkələrinin bir-birinə qarşı çıxış etdiyinin, bir-birini qırdıqlarının şahidi olanda çox pis oluruq. Arzu edirik ki, İslam aləmində baş verən bütün mənfi hadisələr aradan qalxacaq, həmrəylik və qardaşlıq hisləri daha da güclənəcək. Bunun üçün ədalətli və insaflı şəkildə əməkdaşlıq etmək lazımdır.

Əlbəttə ki, biz torpaqdan yaranmışıq və torpağa dönəcəyik. Allah-Təaladan arzu edirik ki, o, bizi düz yola yönəltsin. Allah-Təala öz peyğəmbərlərini yerə rəhmət, mərhəmət kimi göndərib. Hesab edirik ki, bütün dünyadakı mömin insanlar bəşəriyyətin çiçəklənməsi uğrunda səylərini əsirgəməməlidirlər. Diqqətinizə görə çox sağ olun. Hamınıza təşəkkürümü bildirirəm. Allah sizin bütün işlərinizi müvəffəq eləsin. Hamınıza uğurlar arzu edirəm.

Allah-Təala bu gözəl ölkəni – Azərbaycanı qorusun. Azərbaycan bütün dünya üçün birgə yaşayışın, dostluğun, qardaşlığın, dinlər və mədəniyyətlər arasında dialoqun bariz nümunəsidir. Bütün bunların hamısı Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Bu, Prezidentin müsəlmanın, xristianın və yəhudinin bir ölkədə qardaş kimi yaşaması istiqamətində səylərinin və onun arzularının bariz nümunəsidir. Bu ölkə, qeyd etdiyimiz kimi, doğrudan da bütün dünya üçün bir nümunədir. Cənab Prezident, Allah Sizə bütün işlərinizdə uğurlar nəsib etsin. Azərbaycana, Sizə uğurlar diləyirəm. Çox sağ olun.

X X X

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxülislam Allahşükür Paşazadə çıxış etdi.

Şeyxülislam Allahşükür Paşazadənin çıxışı

-Bugünkü mötəbər tədbirimizdə iştirak edən möhtərəm dövlət, din, elm və ictimaiyyət xadimlərini salamlayır, Zirvə görüşümüzün işinə Uca Rəbbimizdən xeyir-dualar diləyirəm.

Tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

Möhtərəm konfrans iştirakçıları, dini və milli zəmində ekstremizm, terrorizm, islamofobiya, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan dövlətinin başçısı Zati-aliləri Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırır.

Azərbaycan liderinin İslam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyasət, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Bugünkü beynəlxalq konfransımıza təşrif buyurmuş dəyərli qonaqlarımızın coğrafiyası – dünyanın müxtəlif qitələrindən gəlmiş mötəbər şəxsiyyətlərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən missiyadır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

Bizim dövlətimiz bu uğurlara multikulturalizm və dini həmrəyliyin bünövrəsini qoyan ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsi sayəsində nail oldu. Zati-aliləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrətinə malikdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın beynəlxalq müstəvidə fəaliyyəti ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir.

Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın müxtəlif nöqtələrində - Böyük Britaniyada, İspaniyada, İsveçdə, Finlandiyada, Özbəkistanda, Rusiyada, Türkiyədə, İranda keçirdiyimiz beynəlxalq tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların mənəvi əzəmətinin, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olduq.

İnsan həyatının qorunub saxlanılması, sülhün və sabitliyin bərqərar edilməsi yönündə addımların atılmasının zəruri olduğu narahat dünyamızda dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir. Qüds ətrafında son günlər cərəyan edən hadisələr BMT-nin Qüdsə dair tarixi qərarının yerinə yetirilməsi vacibliyini bir daha gündəmə gətirdi. Necə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin zamanında yerinə yetirilməməsi səbəbindən Azərbaycanın 20 faiz ərazisi indiyədək Ermənistanın işğalı altındadır. Biz dünyada bütün münaqişələrin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə ədalətli həllində israr edirik.

Zati-aliləri, İslam həmrəyliyinin bariz nümunəsi olan İstanbul Zirvə görüşündə Qüdsi-Şəriflə bağlı çıxışınızı bütün müsəlman dünyası olduqca yüksək dəyərləndirir. Yeri gəlmişkən, həmin mötəbər tədbirdə İslam həmrəyliyinə dair Bakı konfransını xatırlatmanız bugünkü tədbirimizə verdiyiniz önəmin və qiymətin ali göstəricisi oldu.

Zati-aliləri, Siz bizlərə - Azərbaycan xalqına və bütün dünyaya “İslam Həmrəyliyi İli”ni bəxş etdiniz. Əslində, Siz “İslam Həmrəyliyi İli” elan etməklə miqyasına və əhəmiyyətinə görə Azərbaycanın sərhədlərinə sığmayan, zaman baxımından il çərçivəsi ilə məhdudlaşmayan bir ideya irəli sürmüş oldunuz.

Zati-aliləri, ümumbəşəri önəm kəsb edən tarixi çağırışlarınız narahat dünyamızın ehtiyac duyduğu dəyərli missiyadır. Dünyada sülh naminə insan həmrəyliyinə xidmət edən qlobal səyləriniz Uca Yaradanımıza xoş gələn əməllərdir. Qoy, Allah-Təala Sizin ədalətin təntənəsi naminə gördüyünüz işlərə rəvac versin, gələcək qlobal fəaliyyətlərinizə yeni zəfərlər bəxş etsin. Müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi:

“Ey insanlar! İçərinizdə (insanları) xeyrə çağıran, yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Məhz onlar nicat tapmış kimsələrdir” (Ali-İmran, 104).

Möhtərəm konfrans iştirakçıları, sizlərə bir daha Azərbaycana “Xoş gəlmisiniz” deyir, bugünkü beynəlxalq konfransımızın işinə Uca Allahdan xeyir-dualar diləyirəm.

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Beynəlxalq konfrans işini plenar iclasla davam etdirdi.

1news.az

1news.az

Paylaş:
965

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər