Təhsil Nazirliyi ilin yekunlarını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi ilin yekunlarını açıqladı

12:38 - 21 / 12 / 2017
Təhsil Nazirliyi ilin yekunlarını açıqladı

Ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı artırılıb. 2017-2018-ci  tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlıq qruplarına cəlb olunub.

1news.az-ın məlumatına görə, bu barədə cari ildə təhsil sahəsində görülmüş işlər və həyata keçirilmiş islahatlarla bağlı Təhsil Nazirliyinin illik hesabatında qeyd olunub. Bildirilib ki, 2017-2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunub. Bu ilin elan olunması ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla keyfiyyət dəyişikliklərinə nail olmaq, yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədinə xidmət edir.

Həyata keçirilən islahatların səmərəliliyini və nəticəyönümlülüyünü artırmaq məqsədilə Təhsil Nazirliyi yanında 4 Daimi Şura yaradılıb. Daimi Şuralarda dövlət qurumları nümayəndələri, özəl sektor, təhsil mütəxəssislərinin və digər aidiyyəti tərəflərin təmsil olunur. Şuralar təhsil sahəsində hazırlanan, həyata keçirilən proqram və layihələrin təhsil strategiyası ilə uyğunlaşdırılması ilə bağlı rəy, təklif və tövsiyələrin hazırlanması və  müzakirəsini əlaqələndirən məşvərətçi orqan kimi fəaliyyət göstərir.

Məlumata görə, 2017-2018-ci dərs ili üçün Bakı şəhərində birinci sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

Tədris ili dövründə şagirdlərin oxu bacarıqları üzrə nəticələri yüksəlib. Eyni zamanda onların mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədi ilə “hər gün oxu” devizi altında “Oxumağı vərdişə çevirək” adlı təşviqat layihəsi həyata keçirilib.

“Sabahın alimləri” VI Respublika Müsabiqəsinin keçirilməsi də mühüm hadisə kimi yadda qalıb. Müsabiqənin qalibləri ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil ediblər. 2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730  nəfər şagird qatılıb, onlardan 30 şagird  Intel İSEF-də iştirak etmək hüququ qazanıb.

Bu günədək 73 modul tipli məktəbin inşası başa çatıb

Bundan başqa tədris ili dövründə təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd  təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarət olub. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, 120 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

İl ərzində ölkəmizdə modul tipli məktəblərin inşası davam edib. Bu günədək 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər,Göyçay və digər rayonlarda inşa olunub.Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Ən mühüm hadisələrdən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zənginin çalınması olub.

Məlumata görə, 2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub. Bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.

2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən ümumilikdə  6 min nəfərə yaxın şəxs müəllim adını qazanıb.

Şagirdlərimiz beynəlxalq elm yarışlarında və olimpiadalarda uğurla çıxış ediblər

Əvvəlki illərdə olduğu kimi bu il də şagirdlərimiz beynəlxalq elmi yarış və olimpiadalarda uğurlar qazanıblar. Ən əsası isə 11 il bundan əvvəl qazanılan uğur yenidən təkrar olunub. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası iştirak edən akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova da böyük uğura imza atıb. ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib. Reynerci layihəsi “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb.

Kiyev şəhərində “Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatında  ilk dəfə iştirak edən azərbaycanlı tələbələr 6 nominasiya üzrə öz layihələrini təqdim ediblər. Tələbələrimiz yarışdan iki qızıl və iki bürünc medalla qayıdıblar. Çempionatda 300-dən artıq iştirakçı 10 fərqli nominasiyalarda innovativ layihələrini təqdim edərək 20 000 ABŞ dolları həcmində hədiyyə fondu uğrunda mübarizə aparıb.

SABAH qrupları 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir

Yola saldığımız il ali təhsil sahəsində də bir sıra uğurlarla yadda qalıb. Bu baxımdan “SABAH” qruplarının ilk məzunlarının buraxılış mərasiminin keçirilməsini qeyd edə bilərik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, millət vəkilləri dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələrin iştirak etdiyi tədbirdə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciəti oxunub.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.

Nəzərnizə çatdıraq ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib

Əvvəlki illərdə olduğu kimi, bu il də şagirdlərin məktəbdənkənar fəaliyyətinin təşkili diqqət mərkəzində saxlanılıb. Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib. Üç mərtəbədən ibarət mərkəzdə uşaq və yeniyetmələrin  yaradıcı təxəyyülünün  inkişafı üçün hər cür şərait yaradılıb. Mərkəzin ümumi sahəsi 2.000 kv.metrdir. Mərkəz fəaliyyətini  4-16 yaşlı uşaq və yeniyetmələr  üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə  təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçirilir. Mərkəzdə “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modulları üzrə kurslar fəaliyyət göstərir.

Bundan başqa Təhsil Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib. Oyunların proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində 76 şəhər və rayonu əhatə olunmaqla 11 idman növləri üzrə zona yarışları keçirilib. Kütləvi idman tədbirləri çərçivəsində 50 zona yarışları təşkil olunub, həmin yarışlara 6619 məktəbli qatılıb, 616 fiziki tərbiyə müəllimi cəlb olunub, oyunları 100-ə yaxın hakim idarə edib.

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olunub

Tədris ili dövründə ilk peşə-ixtisas təhsili üzrə də mühüm işlər görülüb. Belə ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) yeni inzibati binası istifadəyə verilib. Prezident İlham Əliyevin fərmanına əsasən yaradılan agentlik ölkənin təhsil sistemində həyata keçirilən islahatlara, ölkə iqtisadiyyatının, strukturunun möhkəmlənməsinə, ildən-ilə formalaşmasına xidmət edir.

Məlumata görə, 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə 8651 nəfər qəbul olunub. İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilib. Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Bu il orta attestat balı “4” və “5” olan 50-yə yaxın namizəd qeydə alınıb.

2017-ci ildə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi də xüsusi qeyd olunmalıdır. Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi çərçivəsində yaradılıb. 3 mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait var. 

Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

1news.az

Paylaş:
686

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər