Rusiya rəsmiləri Azərbaycan Prezidentini təbrik ediblər
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizə ali dövləti vəzifənizdə bundan sonra da səmərəli fəaliyyət, möhkəm cansağlığı, yaradıcılıq əzmi, gümrahlıq və firavanlıq diləyirəm.
Bu xoş fürsətdən istifadə edib Rusiyanın və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”.
Bundan əlavə, Azərbaycan dövlət başçısını Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, habelə Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, “RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko da təbrik ediblər.
S.Xankişiyeva