Nazir: Xarici ölkələrə ixrac olunan hərbi məhsulun həcmi 2,3 dəfə artıb

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə bağlı məqsədyönlü işlər davam etdirilib. Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 2016-cı illə müqayisədə 10 faiz artım əldə olunub.
1news.az xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası zamanı nazir Yavər Camalov deyib.
Nazir bildirib ki, yeni nəsil silah növlərindən ”Yalquzaq” snayper tüfənginin, müxtəlif mm-lik minaatanların, müxtəlif mm-lik əl qumbaraatanının, zirehli texnikalar üçün tüstü qumbaraatan qurğusunun və tüstü qumbarasının, KXP tipli optik kollimatorun, qəlpəli minalı atəş yığımının və F-1 tipli əl qumbarasının seriyalı istehsalı təşkil olunub.
Eyni zamanda, alınma texnologiya əsasında müxtəlif mm-lik kalibrli döyüş sursatları üçün müxtəlif tipli partladıcıların, avtomat və pulemyotlar üçün 4 adda lülənin istehsalat hazırlığı başa çatdırılmış və seriyalı istehsalı mənimsənilmişdir.
“Hesabat dövründə respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müxtəlif adda müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Bu gün Müdafiə Sənayesi Nazirliyi respublikanın güc qrumlarının sifarişlərinin icrası ilə yanaşı, 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir. 2017-ci ildə ixrac olunan məhsulun həcmi 2016-cı illə müqayisədə 2,3 dəfə artıb”- deyə, Y.Camalov qeyd edib.
Babək Cahandarov