Prezident İlham Əliyev: “Əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik” – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev: “Əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik” – FOTO – YENİLƏNİB

17:40 - 05 / 02 / 2018
Prezident İlham Əliyev: “Əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik” – FOTO – YENİLƏNİB

Prezident İlham Əliyev fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir. Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır. Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə etdi ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyev dedi:

“Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır. Biz vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraiti yaratmağa çalışırıq. Bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir. Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır”. Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bunu böyük nailiyyət kimi qiymətləndirdi. Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir. Prezident İlham Əliyev vurğuladı ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Prezident İlham Əliyev dedi: “Elmi-texniki tərəqqini, avtomatlaşdırmanı, yeni texnologiyaların inkişafını nəzərə alaraq, indi qarşıda yenidən ixtisaslaşma vəzifəsi durur. Bu gün biz bunun üzərində işləyirik. Eləcə də düşünürəm ki, qeyri-leqal məşğulluqla bağlı məsələ ətrafında fikir mübadiləsi aparmaq faydalı olardı. Azərbaycanda işlə məşğul olanların hamısını qeydiyyata götürmək üçün həm inzibati, həm də sistem xarakterli tədbirlər görülür. Əlbəttə, bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir”.

Prezident İlham Əliyev bildirdi ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil. Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir. Dövlətimizin başçısı qurultayda aparılacaq fikir mübadiləsinin faydalı olacağına əminliyini bildirdi və qurultayın işinə uğurlar arzuladı.

Qonaqlar adından çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio dedi: “Cənab Prezident, fürsətdən istifadə edərək, ilk növbədə, Azərbaycanda əldə olunan nailiyyətlər münasibətilə Sizi təbrik edirəm. Biz, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası olaraq ölkənizdə keçirilən bu tədbirdə iştirak etməkdən məmnunluq duyuruq”.

Sonra qonaq dünyada gedən mürəkkəb proseslər fonunda həmkarlar təşkilatlarının iş yerləri ilə bağlı fəaliyyətinin əhəmiyyətindən danışdı və bəzi ölkələrdə həmkarlar ittifaqlarının üzvlərinin sayının azalmasının narahatlıq doğurduğunu dedi. Eyni zamanda, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasının həmişəki kimi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğuladı. Digər tərəfdən, dünya əhalisinin sayının artması da iş yerlərinin qorunması ilə bağlı qarşıya yeni çağırışlar qoyur. Dünyada varlı və kasıb təbəqələr arasında fərqin artması da narahatlıq doğuran amildir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti dedi ki, digər mühüm problemlərdən biri də miqrant məsələsidir. Bu da öz həllini tələb edən problemdir. Qonaq xüsusilə qeyd etdi ki, dünyada baş verən münaqişələr də insanların, xüsusilə aztəminatlı təbəqələrin rifah halına çox mənfi təsir edir. Sonra qonaq dedi: “Mən Sizin gözəl şəhərinizdə olmağımdan çox şadam. Mən öz azərbaycanlı həmkarlarıma da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə verdiyi töhfəyə görə minnətdarlığımı bildirirəm. Bu gün ölkənizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı öz işinə başlayır. Ümidvaram ki, bu tədbirdə iştirakçılar həmkarlar təşkilatları qarşısında duran vəzifələrin həlli istiqamətində fikirlərini bölüşəcəklər”.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və Rusiya Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixayıl Şmakov dedi: “Hörmətli İlham Heydər oğlu, Sizinlə növbəti dəfə görüşməkdən böyük məmnunluq hissi keçiririk. Bizim üçün Sizin öz çıxışınızda qeyd etdiyiniz, bizim hər gəlişimizdə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edərkən müşahidə etdiyimiz irəliləyiş və tərəqqini vurğulamaq olduqca xoşdur. Həqiqətən işsizliyin 5 faiz təşkil etməsi böyük nailiyyətdir. Əlbəttə, hamımız istərdik ki, daha az olsun. Biz bu işlərə başlayanda hansı çətinliklərin olduğunu yaxşı xatırlayırıq”.

Mixayıl Şmakov Azərbaycanda ali dövlət orqanları ilə həmkarlar ittifaqı təşkilatları arasında mövcud olan səmərəli qarşılıqlı fəaliyyətin önəmini vurğulayaraq bunun ölkədə ictimai-siyasi sabitliyin təmin olunması işinə böyük töhfə verdiyini qeyd etdi və əldə olunan nailiyyətlərin bir çox ölkələrə nümunə olduğunu bildirdi. Bizim hamımızın qarşısında ümumi problemlərin dayandığını deyən qonaq bunlardan birinin də qeyri-formal və qanunsuz məşğulluq olduğunu vurğuladı. Qanunsuz məşğulluq bizə ziyan vurur və iqtisadiyyatı daha səmərəli inkişaf etdirməyə imkan vermir. Ona görə də həmin məsələdə biz eyni mövqedən çıxış edirik. Biz çalışmalıyıq ki, dövlətin qanunlarına riayət olunsun, əvvəla hər kəs sosial sistem tərəfindən müdafiə olunsun, digər tərəfdən isə hər kəs bu sosial sistemə öz töhfəsini versin ki, özü də müdafiə olunsun. Buna görə də sizin təcrübəniz bir nümunədir. Biz bundan sonra da hökumətinizlə və həmkarlar ittifaqınızla əməkdaşlığı davam etdirəcəyik.

Xoş sözlərə və Azərbaycanda görülən işlərə verilən qiymətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev dedi ki, məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir. Prezident İlham Əliyev bildirdi ki, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir. Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Dövlətimizin başçısı dedi ki, Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.

Prezident İlham Əliyev bildirdi ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi. Prezident İlham Əliyev dedi ki, bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev rəhbərlik etdiyi qurumun yaranmasının 25 illiyi münasibətilə medalın təsis olunduğunu bildirdi və bu qurumun İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar təşkilatlarının fəaliyyətinin inkişafına verdiyi dəstəyə görə ilk medalı Prezident İlham Əliyevə təqdim etdi.

“Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay da dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

 

Paylaş:
755

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər