İlham Əliyev Müqəddəs Taxt-Tacın nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagherin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallager Roma Papası I Fransiskin və dövlət katibi, kardinal Pietro Parolinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən arxiyepiskop Paul Riçard Gallager göstərilən yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycan haqqında çox məlumatlı olduğunu qeyd edən qonaq ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi, buradakı inkişafı öz gözləri ilə görməyin maraqlı olduğunu vurğuladı. Roma Papası I Fransiskin fərmanı ilə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinin çox sevindirici hadisə olduğunu deyən arxiyepiskop Paul Riçard Gallager bunun Müqəddəs Atanın ölkəmizdəki katolik icmasına və Azərbaycan ilə əlaqələrə verdiyi önəmin mühüm göstəricisi olduğunu bildirdi.
Roma Papası I Fransiskin iki il əvvəl Azərbaycana səfərinin tarixi hadisə olduğunu qeyd edən Prezident İlham Əliyev səfərlə bağlı xoş xatirələrinin olduğunu bildirdi. Dövlətimizin başçısı, həmçinin özünün Vatikana rəsmi səfərini məmnunluqla xatırlayaraq Roma Papası I Fransisk, o cümlədən dövlət katibi, kardinal Pietro Parolin ilə keçirdikləri görüşlərin əhəmiyyətini vurğuladı, bu cür yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycan ilə Vatikan arasında sıx əlaqələrin göstəricisi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi, arxiyepiskop Paul Riçard Gallagerin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi, səfərin iki dövlət arasında mövcud olan tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı Azərbaycanın nümunəvi multikultural və tolerant bir ölkə kimi dinlərarası və mədəniyyətlərarası dialoqa böyük töhfə verdiyi qeyd edildi.
Prezident İlham Əliyev Roma Papası I Fransiskin və dövlət katibi kardinal Pietro Parolinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papası I Fransiskə və dövlət katibinə çatdırmağı xahiş etdi.
S.Xankişiyeva