Azərbaycanda rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə rəsmi statistikanın beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat perspektivi və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində qarşıya qoyulmuş hədəf və prioritetlərə çatma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının təkmilləşdirilməsini, inzibati məlumat mənbələrindən istifadənin genişləndirilməsini və milli statistika sistemində aparılan islahatların daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az