İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Küveytin milli bayramı münasibəti ilə bu ölkənin əmiri əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və Nazirlər Kabinetinin sədri əlahəzrət Şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:
“Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
S.Xankişiyeva