Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.
1news.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib.
Qeyd olundu ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma işləri davam etdirilir. Hazırda şəhər əhalisi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.
Məlumat verildi ki, şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində 41 kilometr içməli su, 30 kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına Kür çayının sol sahilində 13, sağ sahilində isə 8 nöqtədə təmizlənmədən çaya axıdılan tullantı sularının qarşısı alınıb.
Bildirildi ki, Mingəçevir şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə mərhələlərlə yaradılıb. Şəhərin içməli su təchizatı Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. İçməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basdı.
1news.az