Bərdə şəhərində abadlıq-quruculuq işlərinə 10 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamdaq qeyd olunur ki, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Bərdə rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, 2 Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası tikilib, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan Bərdə türbəsi və “Torpaqqala” tarixi abidəsi bərpa olunub, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir edilib, 20 ümumtəhsil müəssisəsi istifadəyə verilib, qırx doqquz min nəfər əhalinin yaşadığı 42 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 63 km olan kəndlərarası avtomobil yolları yenidən qurulub, yeni istehsal və emal müəssisələri yaradılıb, 21 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncamda qeyd edilir ki, Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
1news.az