İlham Əliyev: Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir – FOTO – YENİLƏNİB

17:22 - 27 / 03 / 2018
İlham Əliyev: Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir – FOTO – YENİLƏNİB

Martın 27-də Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlətimizin başçısına və birinci xanıma bu tibb müəssisəsi barədə məlumat verdilər. Bildirildi ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.

Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, bina stasionar və diaqnostik hissələrdən ibarətdir. Stasionar hissə yeddimərtəbəli, diaqnostik hissə isə dördmərtəbəlidir. Hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın 206 çarpayılıqdır. Təcili tibbi yardım şöbəsi isə 12 yerlikdir.

Dövlətimizin başçısı və xanımı burada çalışan xarici həkimlərlə görüşdülər, onlarla söhbət etdilər.

Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb heyəti Avropadan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislərdir. Bu mütəxəssislər dünyada öz sahələri üzrə məşhur olan tanınmış tibb işçiləridir. Burada çalışan tibb mütəxəssisləri arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.

Pediatriya və neonatologiya şöbəsində azyaşlıların müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ümumi pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə xidmətləri göstəriləcək. Şöbədə, eyni zamanda, qabaqcıl laparoskopik prosedurlar da icra olunacaq.

Hospitalın şüa diaqnostika-radiologiya şöbəsi də ən müasir tibbi avadanlıqla təchiz olunub. Rentgen, MRT, kompüter tomoqrafiya və ultra səs müayinəsi avadanlığının quraşdırıldığı şöbə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətlərini təklif edir. Burada xəstələrə rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər də göstəriləcək.

Diqqətə çatdırıldı ki, müəssisənin kliniki laboratoriya şöbəsi bütün xəstələri həftənin və sutkanın istənilən vaxtı hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada müxtəlif laborator müayinələr aparmaq üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan və ən müasir standartlara cavab verən avadanlıq quraşdırılıb. Bu avadanlıq laborator müayinələri yüksək keyfiyyət və dəqiqliklə, həmçinin qısa müddətdə icra etməyə imkan yaradır. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.

Son illərdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət və nəzarətindədir. Vətəndaşların məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı çox mühüm işlər görülür.

Bu gün Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə əsaslı islahatların aparılmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun dəstəyi ilə ölkəmizdə çoxlu sayda tibb ocaqları inşa olunub, mövcudları isə müasir səviyyədə yenidən qurulub. Bu layihələrin icrası zamanı səhiyyə müəssisələri dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz olunur.

Bildirildi ki, Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

Hospitalın ən müasir tələblərə cavab verən konfrans zalında müxtəlif toplantılar, iclas, görüş, müşavirə və digər tədbirlər təşkil etmək, həmçinin peşəkar həkimlərin gənc mütəxəssislərə təlimlər keçmələri üçün də hər cür şərait mövcuddur. Ümumi tutumu 145 yerlik olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək mümkündür.

Dövlətimizin başçısı konfrans zalında hospitalda çalışan xarici həkimlərlə söhbət etdi.

Prezident İlham ƏLİYEV: Siz burada güclü tibb mərkəzi qurmağa kömək göstərirsiniz. Sizi Bakıda görməyə çox şadam. İndi bizim yüksək səviyyəli avadanlığımız və həkimlərimiz var. Bizə lazım olan məhz budur – avadanlıq və tibbi xidmət. Mənə məlumat verilib ki, siz regionda, düşünürəm, ən yaxşı tibb mərkəzlərindən birini, bəlkə də ən yaxşısını yaratmağa kömək etmək üçün xəstəxana ilə sıx şəkildə işləyirsiniz.

Azərbaycan Prezidentinə və birinci xanıma məlumat verildi ki, palatalarda xəstələrin müalicəsinin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb. Tibb müəssisənin qarşısına qoyduğu əsas məqsədlərdən biri də xəstələri səhiyyənin yüksək standartları ilə təmin etməklə yanaşı, müalicənin bütün mərhələləri üzrə innovasiyaların tətbiqidir. Bu məqsədlə burada quraşdırılan və İKT-nin yeniliklərinə əsaslanan qurğular xəstələrin müalicəsinin yüksək səviyyədə təmin olunmasına imkan verir.

Hospitalın əməliyyat bloku da texniki təminatına görə mövcud olan bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində 10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb. Ümumilikdə burada fəaliyyət göstərən Cərrahiyyə Xidmətlər Klinikasında laparoskopik prosedurlar, açıq cərrahiyyə və digər cərrahi əməliyyatlar aparılacaq.

Beynəlxalq hospitalın ürək-damar cərrahiyyəsi şöbəsi ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilib. Burada açıq ürək cərrahiyyəsini yerinə yetirmək mümkündür. Bundan başqa, şöbədə ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirilir. Əməliyyatxanada quraşdırılan avadanlıq bu sahədə dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmənin təmin edilməsinə şərait yaradır.

Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub. Bu şöbədə də tibbin son nailiyyətlərinə əsaslanan avadanlıq quraşdırılıb. Bir sözlə, hospitalın bütün şöbələrində quraşdırılan son model tibb avadanlığı və qurğuları xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir, onların müayinə və müalicəsini, profilaktik işləri müasir tələblər səviyyəsində qurmaq üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə prenatal diaqnostik avadanlıq var. Hospital Avropanın məşhur tibbi və paramedikal heyəti ilə işləyir, aparıcı tibb institutları ilə əməkdaşlıq edir. Burada fəaliyyət göstərən aptekdə bütün dərmanlar elektron-reseptdən istifadə edilərək, həkimin cavabdehliyi altında təyin olunur, qapalı və nəzarət edilən avtomatlaşdırılmış paylanma kabinetlərində paylaşdırılır.

Xəstəxanadakı tibbi avadanlıq ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətlərinin istehsalıdır. Onların arasında “Getinge Group”, “MAQUET”, “Siemens”, “Drager”, “Hill-Room”, “Olympus”, “Aesculap”, “Karl Storz”, “Sirona”, “Agoko”, “Abbott”, “BioMerieux”, “B-Braun”, “Swisslog”, “ZEISS” və s. müasir tibbi avadanlığın istehsalı üzrə ixtisaslaşan tanınmış şirkətlərin məhsulları var. Bu avadanlıq müayinəni dəqiqliklə yerinə yetirməyə, eyni zamanda, müalicə işini yüksək səviyyədə qurmağa imkan yaradır.

Tibb ocağında texnoloji yeniliklər tətbiq olunub. Burada yaradılan pnevmo-poçtla müxtəlif şöbələrə, o cümlədən qəbul və laboratoriya şöbələrinə analiz nümunələri, xəstələr üçün isə dərmanlar göndərmək mümkündür. Hospital tibbi xidmətlər üzrə dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik standartları olan JCI standartlarına uyğun layihələndirilib və qurulub. Tibbi heyətin və xəstələrin qidalanması üçün müəssisənin mətbəxində müasir avadanlıq quraşdırılıb, yeməkxanada lazımi şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, hospitalın binasının ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri binanın bütün ərazisini əhatə edir. Tibb ocağı fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Binada 2500 kilovoltlıq UPS dəstəyi, 7000 kilovoltlıq transformator quraşdırılıb.

Ölkəmizdə səhiyyənin müasirləşdirilməsi istiqamətində son illər icra olunan layihələrin tərkib hissəsi kimi yeni hospitalın istifadəyə verilməsi də vətəndaşların sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin görülməsi, müayinə və müalicənin yüksək səviyyədə təşkil olunması işinə yeni imkanlar açır.

Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşdülər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən salamlayıram və təbrik edirəm.

Bu gün Bakıda gözəl xəstəxana açılır. Bu, çox gözəl, əlamətdar hadisədir. Xəstəxana çox gözəl təəssürat bağışlayır, həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək.

Mən xəstəxana ilə tanış olarkən görürəm ki, çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə təşkil edilib. Bu xəstəxana xarici mütəxəssislərin dəstəyi ilə ərsəyə gəlib. Əminəm ki, burada çalışan həkimlər, tibbi heyət xəstələrə yüksək xidmət göstərəcəklər. Mənə verilən məlumata görə, burada 800-dən çox iş yeri yaradılır. Həkimlər, tibbi heyət üçün burada gözəl şərait yaradılıb.

Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni, bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər.

Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır.

Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni, diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir.

Beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər. Mən çıxışımın qalan hissəsini ingilis dilində davam etdirəcəyəm.

Mən, həmçinin hələ Azərbaycan dilini başa düşməyənlərə, xüsusilə də əcnəbi qonaqlarımıza müraciət etmək, belə dərin təəssürat doğuran tibb mərkəzinin yaradılmasına verdikləri töhfəyə görə onlara minnətdarlığımı bildirmək istərdim. Artıq qeyd etdiyim kimi, düşünürəm ki, bu, təkcə Azərbaycanda deyil, regionda ən yaxşı tibb mərkəzidir. Yəqin ki, vaxt gələcək biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ümidvaram ki, bizə tibbi məqsədlər üçün gələn turistlər də olacaq.

Çox şadam ki, bu xəstəxanada əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin çox mühüm vəhdəti var. Həmçinin düşünürəm ki, xəstəxananın ən mühüm fəaliyyət sahələrindən biri yerli tibbi heyətin hazırlanması və təlimi olacaq. Fikrimcə, müalicə, diaqnostika və təlimin vəhdəti bu xəstəxananı çox xüsusi edəcək. Əlbəttə ki, zənnimcə, digər ölkələrdən olan qonaqlarımızın, yüksək səviyyəli mütəxəssislərin bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb edəcək.

Tanışlıq zamanı mən bildirdim ki, biz hazırda Bakıda müasir avadanlıqla təchiz olunmuş və çox yüksək tibbi xidmət göstərən dünya səviyyəli tibb mərkəzinin olması ilə bağlı Azərbaycan əhalisini məlumatlandırmalıyıq. Burada hər növ müalicə, ən mürəkkəb əməliyyatlar həyata keçiriləcək və bu, Azərbaycan xalqının mənafeyinə xidmət edəcək.

Belə böyük xəstəxananın yaradılması, həmçinin ölkəmizin sürətli inkişafını əks etdirir. Biz sosial sahəyə, xüsusilə səhiyyə sahəsinə çox böyük diqqət ayırırıq. Son illər ərzində biz yüzlərlə yeni xəstəxana və tibb mərkəzini tamamilə yenidən qurmağa və tikməyə müvəffəq olmuşuq. Lakin bu, əlbəttə ki, nadir tibb mərkəzidir.

Tanışlıq məndə çox dərin təəssürat yaratdı. Düşünürəm ki, burada sizdə olanların hamısı mənə göstərilib. Sizi bu nailiyyət münasibətilə təbrik etmək istərdim. Sizə uğurlar arzu edirəm. Bizim beynəlxalq və yerli komandamıza uğurlar arzu edirəm. Əminəm ki, buraya müalicə üçün gələnlər evlərinə sağlam qayıdacaqlar. Təşəkkür edirəm və sizi təbrik edirəm.

X X X

Bona Dea Beynəlxalq Hospitalının idarə heyətinin üzvü Herviq FLİRAKERS dedi:

- Mənim adım Herviqdir. Mən Bona Dea Beynəlxalq Hospitalının idarə heyətinin üzvüyəm. Təntənəli açılış münasibətilə bizə baş çəkdiyinizə görə Sizə və xanımınıza təşəkkümüzü bildirmək istərdik.

Siz ən müasir mərkəz, analoqu olmayan avadanlıq gördünüz. Lakin biz, həmçinin xəstəxanada fəaliyyət göstərmək üçün ən müasir və analoqu olmayan komanda yaradırıq. Bizim müxtəlif akademik institutlar və sənaye tərəfdaşlarımızla beynəlxalq əməkdaşlığımız sayəsində ən yüksək səviyyəli səhiyyə xidmətini Bakıya gətirə biləcəyik. Biz, həmçinin yeni tibbi texnologiyalar təqdim edə biləcəyik. Biz Sizə təminat veririk ki, bütün bunlar Azərbaycan xalqının sağlamlığına xidmət edəcək. Biz komanda olaraq Sizə təminat veririk.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalın təcili tibbi yardım şöbəsi ilə də tanış oldular.

Məlumat verildi ki, təcili tibbi yardım şöbəsi də ən müasir səviyyədə qurulub. Şöbə xəstələrin rahat və təcili daşınmasına imkan verən nəqliyyat vasitələri ilə təmin edilib. Təcili tibbi yardım şöbəsi Azərbaycanda ilk dəfə olaraq “Mercedes-Benz” markalı ən yeni model iki reanimobil və bir transporter avtomobili ilə təchiz edilib. Azərbaycanın istənilən regionunda operativ və fasiləsiz təcili tibbi yardım göstərmək üçün briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırmaq iqtidarındadır.

Hospitalla tanış olan dövlətimizin başçısı və birinci xanım tibb ocağının kollektivinə uğurlar arzuladılar.

1news.az

Paylaş:
1618

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər