Aşıq Şəmşirin 125 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatı və musiqisinin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Aşıq Şəmşirin anadan olmasının 125-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
1news.az