Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının üzvləri Bakı səhnəsində - FOTO

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qazaxıstan Milli Xoreoqrafiya Akademiyasının ilk dəfə olaraq böyük qala konserti keçirilib.
1news.az xəbər verir ki, qala konsert paytaxt Astanın 20 illiyinə həsr olunub.
Tədbirdə hökumət üzvləri, deputatlar, xarici ölkələrin Bakıdakı diplomatik missiyaların rəhbərləri və əməkdaşları, universitet rəhbərləri və tələbələr, yaradıcı ziyalılar, ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev açılış nitqində Milli Xoreoqrafiya Akademiyasının gənc istedadlarını tamaşaçılara təqdim edib. Bildirib ki, prezident Nursultan Nazarbayevin 2017-ci ilin aprelində Bakıya səfəri zamanı mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb və bununla bağlı razılıq əldə olunub.
Səfir vurğulayıb ki, paytaxt Astananın 20-ci ildönümünə həsr olunmuş təntənəli konsert Azərbaycan ictimaiyyətinə Qazaxıstanın balet sənəti ilə tanış olmaq üçün əla fürsət verəcək.
Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu konset qardaş ölkələrin mədəni əlaqələrinin möhkəmləndirilməsinə və gələcək inkişafına əlavə bir təkan verəcək.
Daha sonra Qazaxıstanın Milli Xoreoqrafiya Akademiyasının gənc istedadları konsert proqramı ilə çıxış ediblər. Onlar milli və xarici xoreoqraflar tərəfindən səhnəyə qoyulan klassik balet irsini, müasir Qazaxıstan və qeyri-qazax baletlərini təqdim ediblər.
Qala konsert atəşli alqışlar və anşlaqla müşayət olunub.
P.Sultanova