Ağstafada otlaq sahəsində 26 partlamamış hərbi sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada otlaq sahəsində 26 partlamamış hərbi sursat aşkarlanıb - FOTO

21:01 - 04 / 04 / 2018
Ağstafada otlaq sahəsində 26 partlamamış hərbi sursat aşkarlanıb - FOTO

Aprelin 4-də saat 13:21-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən, saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsinin Birinci Sovxoz adlanan ərazisində 25-30 mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan 1news.az-a bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri ərazidə otlaq sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 26 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərmilərin aşkarlandığı ərazidə 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Aprelin 4-də, həmçinin saat 13:57-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonunun Böyük Bəhmənli kəndində mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirib, 1200 kvadratmetr ərazini yoxlayıb, heç bir təhlükəli əşya və ya qurğu aşkarlamayıblar.

Yanvarın 1–dən aprelin 4-dək ANAMA tərəfindən 2432 partlamamış hərbi sursat, tank əleyhinə iki mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 45 min 815 kvadratmetr ərazi yoxlanılıb.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər