İlham Əliyev BMT Baş Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçakı qəbul edib.
1news.az xəbər verir ki, Prezident İlham Əliyev Miroslav Layçakın Qoşulmama Hərəkatı çərçivəsində nazirlər konfransında iştirakının önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatının gənc, lakin, eyni zamanda, çox fəal üzvü olduğunu bildirdi.
BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Azərbaycana hər səfərindən sonra ölkəmizdəki böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi. O, Azərbaycana Qoşulmama Hərəkatı təşkilatına sədrliyi dövründə uğurlar arzuladı. Miroslav Layçak ölkəmizin BMT çərçivəsində fəal roluna görə təbriklərini çatdırdı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa, həmçinin beynəlxalq terrorizmlə mübarizə sahəsinə verdiyi dəstəyin dünyada yüksək qiymətləndirildiyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın mühüm tədbirlər təşkil etdiyini vurğulayaraq ölkəmizin beynəlxalq əməkdaşlıq işinə böyük töhfə verdiyini dedi. “Bakı Prosesi”nə və digər təşəbbüslərə BMT-nin verdiyi dəstəyə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu yaxınlarda ölkəmizdə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun keçirildiyini və BMT-nin baş katibi Antonio Quterreşin bu tədbirə müraciət ünvanladığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin təşkil etdiyi beynəlxalq tədbirlər əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi işinə yönəlib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, miqrasiya və iqlim dəyişikliyi problemləri və BMT-nin qarşısında duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
1news.az
12:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak ilə görüşüb.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
S.Xankişiyeva