Gənclər Fonduna 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs yaradılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
1news.az