ADU-da ilk Latın Amerikası film festivalının bağlanış mərasimi olub - FOTO

Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizdə ilk dəfə kecirilən Latın Amerikası film festivalının bağlanış mərasimi olub.
1news.az-a ADU-dan verilən məlumata görə, bağlanış mərasimində iki film nümayiş olunub. Bunlar Meksika istehsalı olan “Təlimatlar qəbul edilmir” və Peru istehsalı olan “Qədim Dostlar” filmləri olub.
Əvvəlcə ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb.
Daha sonra isə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini, Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrini çıxışlarında tələbələrə filmlər haqqinda qısa məlumat veriblər. Belə tədbirlərin mütamadi keçirlməsinin ölkələr arasında mədəni əlaqələrin inkişafı baxımından labüdlüyü vurğulanıb.
Qeyd edək ki, Latın Amerika mədəniyyətini və ənənələrini təşviq etmək məqsəd ilə Argentina, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Peru və Meksikanın Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərinin birgə səyi əsasında Bakıda aprelin 16-dan 19-a kimi ilk Latın Amerikası film festivalı təşkil olunub.
Azərbaycan Dillər Universitetinin, Landmark və Park Cinema Flame Towers otellərinin əməkdaşlığı ilə baş tutan festival çərçivəsində nümayiş olunan filmlər Azərbaycan ictimaiyyətini bu ölkələrin mədəniyyəti, həyat tərzi, adət-ənənələri ilə daha yaxından tanış olmaq imkanı verib.
P.Sultanova