Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.
1news.az