BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın milli məruzəsi nəzərdən keçirilib
BMT İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) üzrə İşçi Qrupunun 30-cu sessiyası çərçivəsində Azərbaycan Respublikasının 3-cü dövri məruzəsi nəzərdən keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, UDİ prosesi BMT sistemi daxilində insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin monitorinqi sahəsində ən mötəbər təcrübə hesab edilir. Beş ildən bir keçirilən UDİ baxışı zamanı insan hüquqlarının qorunması sahəsində beynəlxalq öhdəliklərin BMT üzvü olan hər bir dövlət tərəfindən icrası vəziyyəti qiymətləndirilir və digər dövlətlər tərəfindən məruzəsi dinlənilən dövlətə müvafiq istiqamətdə tövsiyələr verilir.
Tədbirdə Azərbaycan Respublikasını Prezident İlham Əliyevin Sərəncamına əsasən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirin əvvəlində nümayəndə heyətinin başçısı X. Xələfov açılış nitqi ilə milli hesabatı təqdim edib. O, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatındakı əsasların hələ 100 il əvvəl müsəlman Şərqində ilk parlamentli respublika olan və qadınlara seçki hüququ tanıyan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulduğunu qeyd edib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan Azərbaycan Respublikasının həmin dövrdə əsası qoyulmuş demokratik ənənələrə sadiq olduğunu bildirib.
X.Xələfov Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əsas beynəlxalq sənədlərə tərəf olduğunu və bu xüsusda, BMT-nin müvafiq müqavilə qurumları çərçivəsində əməkdaşlıq edildiyini və dövri hesabatların vaxtında təqdim olunduğunu qeyd edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizin İHŞ-nin xüsusi məruzəçiləri ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib və Azərbaycan Respublikası Hökumətinin xüsusi məruzəçilərə daim dəvət göndərməsi haqqında İşçi Qrupunu məlumatlandırıb.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandıran X.Xələfov ərazilərimizin 20 faizinin Ermənistanın işğalı altında olmasını insan hüquqlarının təmin olunması istiqamətində başlıca maneə kimi dəyərləndirib. X.Xələfov Ermənistanın Azərbaycana qarşı işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib və Ermənistanın davam edən təcavüzü nəticəsində ölkəmizə 818 milyard ABŞ dolları məbləğində zərər vurulduğunu söyləyib.
Xarici işlər nazirinin müavini cari il aprel ayının 11-də keçirilən prezident seçkiləri haqqında, həmçinin Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsinin davam etdirilməsi, korrupsiyaya və insan alverinə qarşı mübarizə, “ASAN xidmət”in fəaliyyəti, ədalət mühakiməsinin və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və vətəndaş cəmiyyətinin təşviqi sahələrində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər, o cümlədən Heydər Əliyev Fondu və Fond tərəfindən həmin istiqamətdə dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrlə bağlı məlumat verib.
Nazir müavini iqtisadi, sosial və mədəni sahələrdə görülən tədbirlər, o cümlədən qəbul və icra edilən dövlət proqramları, həmçinin dayanıqlı inkişaf sahəsində həyata keçirilən işlər barədə danışıb. Eyni zamanda, o, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs edib.
Azərbaycan nümayəndə heyətinin təqdimatından sonra təşkil olunan interaktiv dialoq çərçivəsində dünyanın bütün regionlarını təmsil edən BMT-yə üzv 106 dövlətin nümayəndələri çıxış edərək Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair münasibət bildirib və müvafiq tövsiyələrini səsləndiriblər. Çıxış edənlərin böyük əksəriyyəti insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib və bu təcrübənin davam etdirilməsini tövsiyə ediblər. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması hüququnu xüsusilə qeyd edən bir sıra dövlətlərin nümayəndələri Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirləri təqdir ediblər. Eyni zamanda, iştirak edən dövlətlər korrupsiyaya qarşı mübarizə, xüsusilə “ASAN xidmət”in fəaliyyətini, eləcə də Azərbaycanda dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.
Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbəri tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyi səsləndirilən zaman Ermənistan nümayəndəsi çıxışa müdaxilə etməyə cəhd edib, lakin İHŞ-nin sədri Ermənistan tərəfini belə addımlar atmaqdan çəkinməyə çağırıb. İHŞ-nin sədri Azərbaycan nümayəndə heyətinin öz çıxışında ölkəsi üçün vacib hesab edilən istənilən mövzunu qaldırmaqda sərbəst olduğunu Ermənistan nümayəndəsinə bildirib.
Bu xüsusda, X.Xələfov ölkəmizdə insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi və təşviqi sahəsində əsas çətinliklərin birbaşa olaraq Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan hərbi qüvvələrinin işğalı altında olması ilə əlaqəli olduğunu bir daha nəzərə çatdırıb, Ermənistanın bu davranışını məqsədyönlü şəkildə Azərbaycanın Universal Dövri İcmal baxışının gedişatının pozulmasına cəhd kimi qiymətləndirib.
Ermənistanın ərazi iddialarını yalnız Azərbaycana qarşı deyil, digər qonşu ölkələrə qarşı da yönəldiyini xatırladan X.Xələfov hərbi ritorikadan istifadə edilməsinin Ermənistanın yeni rəhbərliyi tərəfindən də davam etdirilməsinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mənfi təsir etdiyini bildirib. BMT Təhlükəsizlik Şurası tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş 4 qətnamənin hələ də yerinə yetirilmədiyini qeyd edən nazir müavini Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verilməyəcəyini vurğulayıb.
X.Xələfov Ermənistan hərbi-cinayətkar rejimi tərəfindən törədilmiş Xocalı soyqırımı və öz valideynlərinin qəbrini ziyarət etmək üçün işğal altında olan ərazilərimizə səfər edən Azərbaycan vətəndaşlarının erməni hərbçiləri tərəfindən girov götürülməsi məsələsini də qeyd edib və dünya ictimaiyyətini bu cür cinayətlərə biganə qalmamağa çağırıb. Ermənistanın bu cinayətlərə və təcavüzün ağır nəticələrinə görə məsuliyyət daşıdığını qeyd edən nazir müavini Azərbaycanın öz suverenliyini bütün ərazilərində bərpa etməsi hüququnu özündə saxladığını vurğulayıb.
İnteraktiv dialoq zamanı çıxış edən dövlətlər tərəfindən səsləndirilən sahəvi sualları Azərbaycanın aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli nümayəndələri cavablandırıblar.
Qeyd edək ki, mayın 17-də UDİ üzrə İşçi Qrup tərəfindən Azərbaycanın 3-cü dövri məruzəsinin təqdimatı və səsləndirilən tövsiyələrin əks olunduğu hesabat qəbul ediləcək.
Tədbirdən sonra X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cenevrə Ofisinin yerləşdiyi Millətlər Sarayının qarşısında yerləşən Ariana Parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsini ziyarət ediblər.
1news.az