Elman Nəsirov: Ermənistan xalqı 20 il ərzində qaniçən rejimin girovuna çevrildiyini özü etiraf edir

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dəyişməz mövqeyi var və bu mövqe də odur ki, münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində öz həllini tapmalıdır.
Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Nəsirov dövlət başçısının ötən gün Müqəddəs Ramazan ayı münasibətilə təşkil edilən iftar mərasimində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:
“Cənab prezidentin proqram xarakterli çıxışında hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ xüsusi yer tutdu. O, açıq şəkildə söylədi ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın dəyişməz mövqeyi var və bu mövqe də odur ki, münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində ilk növbədə beynəlxalq hüququn ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində həllini tapmalıdır. Danışıqlar prosesində ərazi bütövlüyü məsələsi heç bir zaman danışıqların predmeti olmayıb və bundan sonra da olmayacaq. Münaqişə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eyni zamanda ATƏT, AŞPA, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi qərarlar, sənədlər əsasında həllini tapmalıdır”.
Dövlət başçısının Ermənistanın bu günə qədər qaniçən, cinayətkar bir rejim tərəfindən idarə olunması ilə bağlı fikirlərinə toxunan millət vəkili bildirib ki, bu gün bunu Ermənistan xalqı özü etiraf edir:
“Eyni zamanda cənab prezident qeyd etdi ki, Ermənistanda son 20 il ərzində qaniçən, despotik bir xunta rejimi, quldur bir rejim fəaliyyət göstərib. İlk növbədə erməni xalqı özü bu rejimin girovuna çevrilmişdi. Bu gün bunu Ermənistan xalqı özü etiraf edir.
Cənab prezident Ermənistanın iqtisadi böhran içində olmasını qeyd etdi və bildirdi ki, hər il on minlərlə insan ölkəni tərk edir. Bu gün erməni xalqı eyni fikirləri söyləyir və öz mövqeyini bildirir”.
E.Nəsirov Prezident İlham Əliyevin Ermənistanın yeni rəhbərliyinə ünvanladığı fikirlərə də münasibət bildirərək, qarşı tərəfin bunu düzgün qiymətləndirəcəyinə ümidvar olduğunu söyləyib:
“Cənab prezident onu da vurğuladı ki, biz ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrarlamayacaq, vəziyyəti düzgün qiymətləndirəcək və elə addımlar atacaq ki, bunlar münaqişənin tezliklə həllinə gətirib çıxartsın və Qafqaza sülh gəlsin.
Bu gün görürük ki, Ermənistanda baş verən hadisələrin ardınca qondarma rejimdə də məxməri inqilabın davamı baş verməkdədir. Paşinyanın diqtəsi ilə qondarma rejimin qondarma “prezidenti” Bako Saakyan məcbur olaraq qondarma rejimin polis rəsini, milli təhlükəsizlik şurasının rəhbərini və dövlət nazirini vəzifələrindən uzaqlaşdırıb. Bunu artıq aşağıların diqtəsi ilə yuxarıların etdiyi məxməri inqilab kimi də dəyərləndirmək olar.
Ermənistanın düşdüyü fəlakətdən, kataklizmlərdən yeganə çıxış yolu odur ki, düşdüyü vəziyyətlə bağlı nəticə ilə mübarizə aparmasın. Çünki bu heç bir effekt verməyəcək, Paşinyan rejimi Sarkisyan rejiminin taleyini yaşamalı olacaq. Özlərinə sual verməlidilər ki, nə üçün Ermənistan bu günə düşüb? Ona görə düşüb ki, korrupsioner cəmiyyətdir, korrupsioner rejimdir, ona görə düşüb ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Nə qədər ki, bu torpaqları azad etməyib Ermənistan düşdüyü o kataklizmlərdən də çıxış yolu tapa bilməyəcək və yenidən inqilabi proseslərlə üz-üzə gəlməli olacaq”.
1news.az