Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Sloveniya Respublikasının Prezidenti Borut Pahordan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzularımı çatdırım. Ölkəniz üçün böyük əhəmiyyəti olan bu yubiley – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sizi təbrik etməkdən xüsusi məmnunluq duyuram.
2011-ci ildə Sizin Sloveniyaya rəsmi səfəriniz zamanı aparılan danışıqların ölkələrimiz arasında dostluq münasibətlərinin və tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verdiyini böyük məmnuniyyətlə xatırlayırıq. Əminəm ki, Sloveniya və Azərbaycan dünyada sülhə, sabitliyə və anlaşmaya töhfə verməklə ikitərəfli əlaqələrini bundan sonra da genişləndirəcək və inkişaf etdirəcəklər.
Möhtərəm cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
XXX
Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Prekadan:
“Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan, həmçinin Malta xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
2016-cı ildə Bakıya səfərimi və səfər çərçivəsində aparılmış konstruktiv müzakirələri xoş təəssüratlarla xatırlayıram. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu vurğulayır və bunu alqışlayıram. Ümid edirəm ki, xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün il ərzində imkanlar yaranacaqdır.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ölkənizə daimi firavanlıq arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
XXX
Niderland Krallığının Baş naziri Mark Rüttedən:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Həmçinin fürsətdən istifadə edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı gözəl münasibətlər xalqlarımızın mənafeyi və rifahı naminə gələcəkdə də inkişaf edəcək.
Ali dövləti vəzifənizin icrasında Sizə uğurlar arzulayıram”.
XXX
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən:
“Zati-aliləri.
Gürcüstan hökuməti və xalqı adından Sizi və dost Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Biz Gürcüstan və Azərbaycan Respublikası arasında möhkəm dostluğa, həmrəyliyə və qarşılıqlı hörmətə söykənən, regionda sülhə, sabitliyə və iqtisadi tərəqqiyə xidmət edən yüksək səviyyəli əlaqələrə böyük əhəmiyyət veririk. İnanıram ki, mövcud uğurlu əməkdaşlığımızın genişlənməsi üçün gələcəkdə də səylərimizi əsirgəməyəcəyik.
Zati-aliləri, fürsətdən istifadə edərək, bu əlamətdar gündə Sizə bir daha ən xoş arzularımı çatdırıram”.
1news.az