Mübariz Əhmədoğlu: Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür

10:12 - 02 / 07 / 2018
Mübariz Əhmədoğlu: Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür

Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlər son 20 il ərzində Qarabağ klanının ermənilərin başına açdığı oyunlar barədə aydın təsəvvür yaradır.

Hətta evi olmayan Manvel Qriqoryan indi Ermənistanda və Dağlıq Qarabağda böyük və çoxsaylı mülklərə, zooparka, avtoparka malikdir. Əvvəlcə Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı soyğunçuluq edən quldur general Manvel Qriqoryan atəşkəs rejimindən sonra ermənilərə qarşı soyğunçuluq etdi.

Aparılan yoxlamalar onun hətta aprel döyüşləri zamanı xaricdən Ermənistana göndərilən yardımın böyük bir qismini özününküləşdirdiyini göstərir. Aprel döyüşləri zamanı hətta 3-4 gün yemək tapa bilməyən erməni döyüşçüləri olub. İndi bəlli olur ki, o zaman M.Qriqoryanın Dağlıq Qarabağdakı anbarları əsgər payları ilə dolu imiş.

M.Qriqoryanın təkbaşına fəaliyyət göstərdiyini düşünmək sadəlövhlükdür. Quldur general M.Qriqoryan əvvəlcə Vazgen Sərkisyanın, sonra Robert Köçəryanın, sonra isə Serj Sərkisyanın əlində alət və vasitə oldu. 1999-cu ilin parlament güllə-boranından üzü bəri baş verən bütün proseslərdə quldur M.Qriqoryan gah o, gah da bu tərəfin mövqeyini dəstəklədi.

Vasitə olması isə daha qabarıq şəkildə üzdədir. Ermənistanın kəskin müxalifətçilərindən olan Arbat Xaçatryanın fikirlərinə istinad etsək kənddən boş əllə Yerevana gəlmiş Robert Köçəryan və S.Sərkisyan indi Ermənistanın yarısına sahibdirlər.

R.Köçəryanın əmlakının 5 milyard dollar olduğu barədə məlumatlar var. S.Sərkisyanın da əmlakı təxminən bu miqdardadır. R.Köçəryan və S.Sərkisyanın erməni xalqını talaması üçün M.Qriqoryanın hərbi dəstəsi vasitə idi.

Hərbi komandirlərin öz tabeçiliyində olanların əlindəkiləri necə talan etməsi ilə bağlı hər gün mətbuatda məlumatlar yayılır. M.Qriqoryanın anbarları ərzaq və digər məhsullarla dolu olduğu halda erməni əsgərini ərzaq və gündəlik tələbat mallarını valideynləri təmin edirmiş. Günlərlə əsgərin ac qalmasından xəbərdar olan Manvel Qriqoryan meymun və şirlərini əsgər payları ilə yemlədiyi halda erməni əsgərinə o paylardan vermirdi.

Çünki M.Qriqoryan R.Köçəryan və S.Sərkisyanın yalnız oğurluq barədə düşündüklərini bilirdi.

Polşada erməni əsgərləri üçün nəzərdə tutulmuş konservlər açıq şəkildə mağazalarda satılırdı. Bu fakt özü Ermənistan mətbuatında qalmaqal yaratsa da sonradan işi ört-basdır etdilər. Təbii ki, bu M.Qriqoryanın S.Sərkisyanla birlikdə əməli olduğu üçün sonadək tədqiq edilmədi.

Artıq birmənalı şəkildə demək olar ki, bütün Ermənistan cəmiyyəti oğru, rüşvətxor və qapağanlardan ibarət imiş. 5-3 faizin kənarda qalması ümumi mənzərəni dəyişmir. S.Sərkisyan Ermənistanda və Dağlıq Qarabağda elitanın oğru və rüşvətxor olmasında maraqlı idi. Çünki daha asan idarə edə bilirdi. Uzun müddət Dağlıq Qarabağda müdafiə naziri işləmiş indi Ermənistanın müdafiə nazirliyinin baş inspektoru Movses Akopyanın korrupsiya fəaliyyəti və həyat yoldaşının davranışı ilə bağlı məlumatlar heç kəsə sirr deyil. Amma M.Akopyan rütbə və vəzifədə böyüyür. Çünki erməni cəmiyyətində inkişaf etməyin yeganə yolu oğurluq və qapağanlıqdan keçir.

Bütün bu aşkarlanan faktlar separatçı Dağlıq Qarabağın de-fakto rəhbərliyinin təmsilçilərində müvafiq hisslər, düşüncələr yaradır. İndi Afrikada da “qapağan” dedikdə Ermənistan yada düşür. 

Afrikanın həm də primatların vətəni olmasını nəzərdə tutmuruq. David Babayan baş verənlərlə tanış olduqda istər-istəməz “qapağan” ifadəsini xatırlamalıdır. Amma bu ifadəni işlətməyin orijinal variantını tətbiq etdi: Azərbaycan rəhbərliyinə ünvanladı. David Babayan Azərbaycan vətəndaşıdır,  bəlkə vicdana malikdir. Yaxında onun vicdanın oyanacağına, qapağan terminini əsl sahibinə ünvanlayacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər