İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf nazirini qəbul edib – YENİLƏNİB
Prezident İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğuladı. Prezident İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd etdi ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir.
Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanmışdır. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından biznes sahəsində fəallığın artırılmasının vacibliyini də qeyd etdi. Azərbaycanda Finlandiyanın bir neçə şirkətinin çalışmasına toxunan Prezident İlham Əliyev bu şirkətlərin sayının daha da artırılmasının mümkün olduğunu dedi və bildirdi ki, Azərbaycanın iqtisadi inkişafı, perspektiv planlar, güclü iqtisadi infrastruktur digər xarici şirkətlər kimi, Finlandiya şirkətlərinin də iqtisadiyyatımızın müxtəlif sahələrində fəal çalışmaları üçün yaxşı imkanlar yaradır.
Xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleynin Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan Prezidenti ilə Finlandiya Prezidentinin Davosda keçirilən görüşünün məmnunluqla xatırlandığını bildirdi. Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söylədi. O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd etdi və paytaxtımızda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğuladı. Xanım Anne-Mari Viroleynin bildirdi ki, ölkələrimiz ümumi tarixə malikdirlər və Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.
Görüşdə ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur layihələrində Finlandiya şirkətlərinin iştirakı, iş adamları arasında ticarət əlaqələrinin artırılması, sərmayə qoyuluşu, ekologiya və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Finlandiya Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiya Prezidentinə çatdırmağı xahiş etdi.
S.Xankişiyeva
12:00
Prezident İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat veriblər.