Mübariz Əhmədoğlu: Ermənistanda korrupsiyaya qarşı aparılan mübarizə şou xarakterlidir

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün mətbuat konfransı keçirərək keçən ay dünyada baş verən mühüm hadisələrə münasibət bildirib.
Politoloqun dünyada və regionda baş verən mühüm hadisələrlə bağlı tezis şəklində səsləndirdiyi fikirləri təqdim edirik:
1. RF-ABŞ münasibətlərində baş verən dəyişikliklər davamlı olmaq resursuna malikdir.
D.Tramp ay ərzində Krımın Rusiyaya məxsusluğu fikrini sloqana çevirdi. Bir neçə dəfə də RF-in G-7-yə qayıtması mövzusunu gündəliyə gətirdi. Trampın RF-lə münasibətləri normallaşdırmaq cəhdləri ötəri deyil:
ı. V.Putini əzə bilmədi. Qarşıdakı 6 ildə Putin Trampın etdiklərinin əvəzini Trampdan sonrakı prezidentdən çıxa bilər. Putin prezident seçilməsəydi D.Tramp bəlkə də əvvəlki siyasəti aparardı.
ıı. RF-in hərbi iqtisadi və siyasi uğurları danılmazdır.
ııı. Tramp məhz indi öz xarakterinə uyğun ətrafla əhatələnib. C.Mettisdən sonra C.Bolton və M.Pompeo D.Trampın daxilən inandığı şəxslərdir. C.Bolton və M.Pompeonun Trampa verdiyi məsləhətlər əvvəlki səlahiyyətlilərin verdiyi məsləhətlərdən təsir gücünə görə fərqlidir. Bəlkə də R.Tillerson daha yaxşı fikirlər əsaslandırırdı. Amma D.Tramp M.Pompeo və C.Boltona daha çox inanır. C.Bolton dünya siyasətində Rusiyanın rolunu bilsə də, daha çox manevrlərin əhəmiyyətini dəyərləndirir. Ona görə ilk səfərlərindən birini RF-ə etdi. RF-i Xİ naziri S.Lavrov və RF prezidenti V.Putinlə üst-üstə 5 saat danışıqlar apardı. RF prezidenti V.Putinin C.Boltonla görüşə gecikməməsi zarafat obyektinə çevrildi. V.Putin nəinki prezidentlərlə görüşə hətta Roma Papası Fransiski ilə də görüşə gecikmişdi. Putin C.Boltonla görüşə cəmi 5 dəqiqə gecikmişdi. Bu ən azı V.Putin üçün müasir mərhələdə ABŞ-la əlaqələrin normallaşmasının nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. İstər ABŞ, istər RF tərəfdən açıqlanan məlumatlarda gündəliyin dəyişmədiyi, lakin buna baxmayaraq iki ölkə prezidentlərinin görüşünün razılaşdırıldığı bildirilir. Görüş iyulun 16-da Finlandiyada fin körfəzinin sahilində yerləşən kiçik şəhərlərin birində keçiriləcəkdir. V.Putin üçün Trampla görüş zamanı təhlükəsizlik məsələləri ən zərurilərdəndir.
ABŞ siyasətinin müasir mərhələdə testi kimi qəbul edilə biləcək hadisə baş verdi. Ağ Ev Rusiya və Çini Qərbi parçalamaqda ittiham etdiyi vaxtda ABŞ-ın müdafiə naziri C.Mettis Çində, milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton isə Rusiyada danışıqlar aparırdı.
D.Tramp RF-in futbol üzrə dünya çempionatının möhtəşəm hazırlığını qeyd etdi.
Lakin bu hələ ABŞ-la Rusiya arasında problemlərin aradan qaldırılması anlamında deyil. Hətta D.Trampla Putinin görüşü də bu iki ölkə arasında problemi həll edə bilməyəcək:
ı. RF-in energetika naziri A.Novak Vaşinqtonda Ümumdünya Qaz Konfransı çərçivəsində ABŞ nazirləri və Avrokomissiyanın vitse-prezidenti M.Şevçoviçlə Aİ ilə RF arasında qaz məsələlərini, o cümlədən “Şimal axını-2”, Ukrayna ərazisindən qaz tranziti məsələlərini də müzakirə etdi. RF ABŞ-ı “Şimal axını-2” layihəsinə müdaxilə etməməyə çağırdı, ciddi razılaşmalar əldə edə bilmədi.
ıı. ABŞ Dövlət Departamenti hesab edir ki, Makedoniyadakı vəziyyəti mürəkkəbləşdirən Rusiyanın müdaxiləsidir.
V.Putin-D.Tramp görüşünə qədər hər iki tərəfin öz fikrində qaldığını konstatasiya etmək olar.
2. Ermənistanın yeni rəhbərliyinin idarəetmə stili, davranış manerası və xarakteri barədə müəyyən nəticələrə gəlmək mümkündür.
İqtisadi inkişaf və investisiya naziri A.Minasyan iyunun 21-də jurnalistlərlə söhbəti zamanı sənaye indeksinin azaldığını bildirdi. Əsaslandırması bizim üçün maraqlı deyil. Fakt odur ki, nazir sənayedə geriləmənin 3,1 faiz olduğunu etiraf etdi. İyunun 26-da Milli Statistika Xidməti iqtisadi aktivlik indeksinin 10,4 faizi olduğunu və bu dövr ərzində sənaye istehsalının həcminin 13,3 faiz artdığını bildirdi. N.Paşinyan iqtisadiyyata volyuntarist müdaxilə ilə istədiyi mənzərəni yaratmaq kursu götürüb. Bu eynilə S.Sərkisyanın kursudur. 2008-ci ildə hakimiyyətə gələn S.Sərkisyan dövlət büdcəsini 1 milyarddan 2 milyard dollara qaldırdı. Qalan 9 illik prezidentliyi dövründə Ermənistan büdcəsi 2 milyarddan 3 milyardadək qalxdı.
N.Paşinyan hökuməti və özü şəxsən sürətlə nüfuzdan düşür. Mitinqlərlə bağlı qoyduğu qadağaya heç kim qulaq asmır. Amulsar yatağından ötrü mitinqlər fasiləsiz hal alıb. Etirazçılar birbaşa N.Paşinyanın ünvanına ittihamlar səsləndirir. Yerevan şəhər merinin istefasını tələb edən mitinqlər fasilə ilə davam edir. Müxtəlif müəllim, həkim kollektivləri də öz problemlərini mitinqlər vasitəsilə həll etməyə daha çox inanırlar, dindarların mitinqi kəsilmir. Sadəcə bu mitinqlər Yerevandan Eçmiədzin şəhərinə keçirildi. N.Paşinyanın II Qareginə dəstək verməsi də mitinqçilərə təsir etmədi.
Korrupsiyaya qarşı aparılan mübarizə daha çox şou xarakterlidir. General Manvel Qriqoryanın ifşasında N.Paşinyan məktəblilərin məktubunun məzmunu oxumaqla daha çox emosional qatı gücləndirdi.
Ticarət şəbəkələrində aparılan yoxlamalar qiymətin artması ilə nəticələndi. Bütün ay ərzində korrupsiyaya qarşı aparılan mübarizə nəticəsində cəmi 18 milyard dram başqa sözlə, 35 milyon dollar vəsait aşkarlanıb. Hələ bunun hamısının da büdcəyə köçürüləcəyi şübhə doğurur.
Xarici siyasətdə ən çox prioritet verilən ölkə Rusiyadır. İran isə özünü Ermənistana sırımaq istəyir. Qərb strukturları ilə münasibətlər demək olar ki, başlanmayıb.
Aİ Ermənistanla tərəfdaşlıq proqramını müvəqqəti olaraq 80 faiz işə saldı.
"Diaspor-Ermənistan münasibətlərində real, praktiki mərhələ başlamayıb. Yalnız emosional qat fəaliyyətdədir”.-Aleksis Oqanyan (erməni mətbuatı onu daha çox Serena Ulilyamsın əri kimi təqdim etdi) və S.Tankyan yalnız Ermənistanda baş verənləri tərifləməklə məşğuldurlar.
Kriminallıq görünməmiş dərəcədə artıb. Hər gün atışma, oğurluq halları baş verir. Kriminal nüfuzların, “qanuni oğruların” həbs olunması da kriminallığı azaltmadı. Bəlkə də ilk dövr üçün belədir. Amma Ermənistanda kriminallığın tarixi köklərinin olduğunu nəzərdən qaçırmamalıyıq.
Hərbi xidmətdən yayınanların ölkəyə qayıtması barədə N.Paşinyanın müraciəti cavabsız qaldı. Heç kəs onun çağırışına cavab vermədi.
N.Paşinyanın komandasının daxilində narazılıqlar başlayıb. Bəzi şəxslər istefa verdi, bəzi təyinatlar hətta komandanın daxilində birmənalı qarşılanmır.
“Çıxış” blokunun digər üzvləri ilə də N.Paşinyanın arasında narazılıqlar var.
N.Paşinyanın formalaşdırdığı koalisiyanın üzvləri arasında narazılıq yarandı və getdikcə böyüyür. Daşnak partiyasından olan nazirlər hökumətin iclasında N.Paşinyanın əleyhinə getməkdən çəkinmirlər. Q.Çarukyanın güclənməsi N.Paşinyanda qısqanclıq qarışıq qorxu yaradıb. Bəzi ekspertlərə görə N.Paşinyan “Çiçəklənən Ermənistan” Partiyasına qarşı hətta “Respublika” partiyası ilə də əməkdaşlığa getməyə hazırdır.
Komandada və blokda müxtəlif narazılıqların olmasına baxmayaraq keçmiş insani münasibətlərin hələ də fəaliyyətdə olduğunu göstərən əlamətlər var. N.Paşinyan “Çıxış” bloku üzrə deputat yoldaşı E.Marukyanın ailəsində 3-cü uşağın doğulmasını hökumətin iclasında özünə məxsus şəkildə bildirdi. Sasun Mikaelyanın həyat yoldaşının ad günü əvvəlki qaydada qeyd edildi. N.Paşinyan da daxil olmaqla bütün köhnə tərəfdaşlar onun evinə toplaşmışdılar.
Bu Ermənistanda Paşinyan hökumətinin start vəziyyətidir. Onun pozitiv dəyişilmə ehtimalı azdır.
1news.az