Mayk Tayson Azərbaycana gələcək
“Godzilla” promoşn qrupunun dəvətiylə Azərbaycana gələn UFC-nin canlı əfsanəsi, məşhur döyüşçü, adı turnirin fəxri zalına həkk olunan Roys Greysi mətbuat konfransı keçirib.
1news.az-ın məlumatına görə, Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı idmançı gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.
Medianın suallarına cavab verən “Godzilla” promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin Braziliyada Ciu-citsu üzrə akademiyası fəaliyyət göstərdiyini və Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr apardıqlarını söyləyib:
“Üstəlik Roysun dəstəyilə “Belator” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var”.
Emil Əmiraslanov payızda məşhur boksçu Mayk Taysonun Azərbaycana səfərə gələcəyini də diqqətə çatdırıb:
“Əgər danışıqlar müsbət nəticələnərsə Mayk Tayson iki günlük Azərbaycana səfərə gələcək”.
Qeyd edək ki, Mayk Tayson WBF, WBC və İBF versiyaları üzrə sabiq dünya çempionudur.
Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in “Bütün çəkilər üzrə tarixin ən yaxşı boksçuları” sıralamasında 42-ci yerdə göstərilib, “Bütün zamanların ən yaxşı ağırçəkili boksçuları” sıralamasında isə 11-ci sırada qərarlaşıb.
Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc dünya çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi.
Mayk Tayson boks tarixində ən ağır zərbə gücünə sahib boksçulardan hesab olunur. “Dəmir Mayk”ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub.İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoyub.
1news.az