İlham Əliyev bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul edib - FOTO - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, səfir Berqlind Asqeyrsdottir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Berqlind Asqeyrsdottir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Berqlind Asqeyrsdottirin ölkəmizdə mütəmadi olaraq müvafiq qurumların rəhbərləri ilə görüşəcəyinə və iki ölkə arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq qurumlarda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Eyni zamanda, dövlətimizin başçısı ticarət və turizm sahələrində də əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayaraq, İslandiyanın və Azərbaycanın gözəl turizm məkanlarının olmasının bunun üçün yaxşı imkan yaratdığını dedi.
Səfir Berqlind Asqeyrsdottir paytaxtımıza gəlişindən məmnunluğunu bildirərək qeyd etdi ki, Bakı çox füsunkar və cazibədar bir şəhərdir. Səfir paytaxtımızın arxitekturasının onda çox dərin təəssürat yaratdığını dedi. Diplomat futbol üzrə İslandiya milli komandasının qapıçısı Hannes Tur Halldorssonun Azərbaycanın “Qarabağ” klubuna keçdiyini vurğulayaraq, bu qapıçının dünya çempionatında məşhurlaşdığını qeyd etdi və bildirdi ki, onun “Qarabağ” komandasına keçməsi islandiyalılar arasında Azərbaycana böyük maraq doğurub.
Səfir Berqlind Asqeyrsdottir ölkələrimiz arasında əlaqələrin gələcək inkişafının istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edərək müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin avqustun 23-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, səfir Nqo Duk Manh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nqo Duk Manh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını qeyd etdi. Əlaqələrimizin zəngin ənənələrə malik olduğunu bildirən Prezident İlham Əliyev hələ sovetlər dövründə Vyetnamdan xeyli sayda tələbənin Azərbaycanda təhsil aldığını və özünün Vyetnama uğurlu səfəri zamanı həmin insanlarla görüşməsini məmnunluqla xatırladı. Dövlətimizin başçısı siyasi sahədə, beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini deyərək, iqtisadi, ticarət sahələrində də əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
Səfir Nqo Duk Manh Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarını dövlətimizin başçısına çatdırdı. O, vaxtilə Azərbaycanda təhsil aldığını məmnunluqla qeyd edərək, Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı Azərbaycanın vyetnamlı məzunları ilə birlikdə dövlətimizin başçısı ilə keçirdikləri görüşün onlarda dərin təəssürat hissi doğurduğunu dedi. Səfir Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyərək Vyetnam Sosialist Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri təyin olunmasından şərəf hissi duyduğunu bildirdi və qeyd etdi ki, əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının Vyetnam Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 23-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin də etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, səfir İssiradjou Gomina İbrahim fəxri qarovul dəstəsinin qarşısından keçdi.
İssiradjou Gomina İbrahim etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Benin arasında münasibətlərin inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini qeyd edərək səfir İssiradjou Gomina İbrahimin Azərbaycanda bununla bağlı səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə etdi və bildirdi ki, bu baxımdan xalqlarımızın bir-birinə daha da yaxınlaşması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.
Səfir İssiradjou Gomina İbrahim Azərbaycana gəlişindən böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, bundan əvvəlki diplomatik fəaliyyəti dövründə Azərbaycan haqqında məlumatlarla yaxından tanış olduğunu vurğuladı. Səfir Qoşulmama Hərəkatının nazirlər konfransının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, orada iştirak etdiyini bildirdi. İssiradjou Gomina İbrahim ölkələrimiz arasında təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün yaxşı imkanların mövcud olduğunu qeyd etdi.
Səfir Azərbaycan Prezidentinə fəaliyyətində yeni-yeni uğurlar və dost Azərbaycan xalqına firavanlıq arzuladı.
1news.az