“Azərxalça” ASC-nin İsmayıllı filialı istifadəyə verilib - FOTO
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib.
Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici - boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Məlumat verildi ki, müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
İşçilər ölkəmizdə qədim xalçaçılıq sənətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.
Prezident İlham Əliyev toxunmuş xalçanı kəsdi.
Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Qeyd olundu ki, müəssisədə çalışan toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.
Dövlətimizin başçısı müəssisənin kollektivinə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC