Mübariz Əhmədoğlu: Paşinyan “millətçilik-əclafın son sığınacağıdır” frazasını bir daha təsdiqlədi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan “millətçilik-əclafın son sığınacağıdır” frazasını bir daha təsdiqlədi

10:53 - 29 / 08 / 2018
Mübariz Əhmədoğlu: Paşinyan “millətçilik-əclafın son sığınacağıdır” frazasını bir daha təsdiqlədi

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Dağlıq Qarabağa səfər etdi. Merkellə görüşdən dərhal sonra Dağlıq Qarabağa getməsi guya Merkellə danışıqlarda Dağlıq Qarabağın tənzimlənməsində Ermənistanın xeyrinə ciddi dəyişikliyin baş verməsini çatdırmaqdır.

Məqsədi Dağlıq Qarabağda xidmətdə olan oğlu ilə görüşmək də ola bilər. Oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməsi də Nikol Paşinyanın millətçilik xəstəliyinə düçar olduğunun nəticələrindən biridir.

N.Paşinyanın Dağlıq Qarabağa səfərinin digər məqsədi orduda olan qüsurları kiminsə, tutaq ki, müdafiə naziri D.Tonoyanın boynuna qoymaqdır. Zabitlərin maaşı azaldıldı, müqaviləli hərbçilərə yemək verilmir, ordunun əvvəlki təchizat problemləri, o cümlədən alt paltar çatışmazlığı problemi də hələki həllini tapmayıb. N.Paşinyan kimisə günahkar adlandırmalıdır. Əks-təqdirdə özü günahkar hesab ediləcək. Amma Ermənistanda problem təkcə orduda deyil. Ən azı bütün iqtisadiyyat problemlə üz-üzədir. Bu halda N.Paşinyan sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün nə isə daha ciddi işlə məşğul olduğunu erməni xalqına nümayiş etdirməlidir. Bu Dağlıq Qarabağ problemidir.

Beləliklə N.Paşinyanın Dağlıq Qarabağa tez-tez səfərləri özünün millətçi olduğunu nümayiş etdirməkdir. Millilik və separatçılıq millətçiliyin aşağı və yuxarı  hüdudlarıdır. Ermənistanda ictimai-siyasi mühitin əksəriyyəti millətçiliyi çoxdan aqressiv separatçılıqla əvəzləyiblər. Bəziləri hətta mağara millətçiliyi xəstəliyinə düçar olub. Bu baxımdan SSRİ-nin son illərində geniş yayılmış “millətçilik əclafın son sığınacağıdır” frazasını N.Paşinyan tipli ermənilərdən danışarkən “Mağara millətçiliyi erməni əclafçılığının son sığınacağıdır” kimi ifadə etmək olar.

N.Paşinyan Dağlıq Qarabağ problemində Ermənistanın xeyrinə heç bir dəyişiklik edə bilməyəcək. Əksinə, Dağlıq Qarabağ probleminin həllini yubatması Ermənistanın əvvəlki rəhbərlərinə nisbətən onun dövründə daha çox zərərli olacaqdır. N.Paşinyan əvvəldən düşüncə tərzi problemli adamlar sırasında idi. İndi Ermənistanın mağara millətçiliyinə düçar olması reallıq qarşısında onun gözünü tamamilə kor, qulağını kar edib.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər