Bakıda ilk Aİ-Azərbaycan təhlükəsizlik dialoqu keçiriləcək

Bakıda ilk dəfə olaraq Avropa İttifaqı-Azərbaycan təhlükəsizlik dialoqu keçiriləcək.
1news.az xəbər verir ki, təhlükəsizlik dialoqunun oktyabrın sonu, noyabrın əvvəlində keçirilməsi planlaşdırılır.
Bu məqsədlə Aİ-dən yüksək səviyyəli nümayəndə heyəti Bakıya səfər edəcək. Müzakirələr XİN, təhlükəsizlik orqanları nümayəndələrinin iştirakı ilə aparılacaq.
Qeyd edək ki, ötən il Brüsseldə keçirilmiş Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında təhlükəsizlik və enerji məsələləri üzrə Avropa İttifaqı və Azərbaycan arasında dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunub.
İclasda Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə qurumun xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini iştirak edib.
P.Sultanova