SAM əməkdaşlarının məqalələri Türk Şurasına üzv ölkələrin katibliyi tərəfindən nəşr edilmiş kitabda yayımlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov və İqtisadiyyatın təhlili şöbəsinin elmi işçisi Orxan Bağırovun məqaləsi Türkdilli ölkələrin müstəqillik əldə etməsinin 25-ci ildönümü və eləcə də Türk Şurasının altıncı sammitinin keçirilməsi şərəfinə çap edilmiş xüsusi nəşrdə əksini tapıb.
1news.az-ın verdiyi xəbərə görə, “Azərbaycan, Qazaxıstan və Qırğızıstanın müstəqilliyinin 25-ci ildönümü və Türkdilli regionda inkişaf və əməkdaşlığın əldə edilməsində Türkiyənin rolu” mövzusundakı kitab Türk Şurasına üzv ölkələrin katibliyi və Türkiyənin Strateji Araşdırmalar Mərkəzi (Türk SAM) tərəfindən Türk Şurasında əməkdaşlığın təşviq edilməsi və Xarici Siyasət üzrə rəsmi araşdırma mərkəzlərinin üçüncü və dördüncü görüşündə qəbul edilmiş qərarların icrası çərçivəsində nəşr edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov “Müstəqilliyin 25-ci ildönümü: Azərbaycanın güclü dövlət quruculuğu yolunda dönüş nöqtəsi” mövzusundakı məqaləsində Azərbaycanın müstəqillikdən öncə və müstəqillikdən sonra keçdiyi tarixi təkamül yoluna qısa nəzər salaraq, müasir dövlət quruculuğu baxımından sosial, siyasi və iqtisadi cəhətdən fundamental əsaslara malik olan ölkənin hazırda regional sülh, təhlükəsizlik və sabitliyin əsas qarantı kimi çıxış etdiyini bildirib.
SAM-ın elmi işçisi Orxan Bağırov “Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonrakı iqtisadi siyasəti” məqaləsində Azərbaycanın müstəqillik dövrü ərzində keçdiyi inkişaf mərhələlərini iqtisadi inkişaf rakursundan analiz edərək ölkənin yüksələn xətt üzrə davam edən inkişaf tempini statsitik göstəricilərlə oxucuların diqqətinə çatdırıb.
Qeyd edək ki, nəşrdə əksini tapan analitik xarakterli məqalələrdə Türk Şurasına üzv ölkələrin müstəqillik qazandıqdan sonra əldə etdiyi siyasi və iqtisadi inkişafının əsas xüsusiyyətləri ətraflı şəkildə analiz edilmiş və cari inkişaf tendensiyalarının Türk Şurası çərçivəsində regional əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaratdığı oxucuların nəzərinə çatdırılıb.
Kitabın PDF versiyasınıı aşağıdakı linkdən əldə etmək mümkündür:
http://www.turkkon.org/Assets/dokuman/25.yil_ozel_sayi..._20180907_144710.pdf
S.Xankişiyeva