İsveçrənin dövlət katibinin Azərbaycana səfəri İsveçrə mətbuatında işıqlandırılıb

İsveçrənin Təhsil, elmi araşdırmalar və innovasiyalar üzrə dövlət katibi (təhsil naziri) Mauro Dell'Ambrogionun 2018-ci il oktyabrın 29-30-da Azərbaycana səfəri İsveçrə İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan swissinfo.ch saytında işıqlandırılıb.
Məqalədə qeyd edilir ki, İsveçrənin dövlət katibi Azərbaycan tərəfi ilə təhsil, elmi araşdırmalar və innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi niyyətini ifadə edən bəyanat imzalayıb.
İsveçrəli nazirin 29-30 oktyabr tarixlərində baş tutan iki günlük rəsmi səfəri ərzində Azərbaycanın təhsil naziri və Prezident İlham Əliyevlə görüşdüyü bildirilir.
Təhsil, elm və innovasiyalar üzrə Dövlət Katibliyinin mətbuat üçün açıqlamasına istinad edən məqalədə Dövlət Katibinin səfərinin İsveçrə Federal Şurasının üzvü Yohan Şnayder Ammanın iqtisadi missiyasının davamı olduğu vurğulanır.
Məqalədə daha sonra qeyd edilir ki, Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə xüsusilə peşə təhsili ilə bağlı məsələlərə diqqət yetirilib. Bildirilir ki, Azərbaycanın yerli iqtisadiyyatı şaxələndirmək üçün peşə təhsilinə böyük marağı vardır. İsveçrə peşə təhsili sisteminin Prezident İlham Əliyevlə ikitərəfli görüşün də müzakirə mövzularından biri olduğu qeyd edilib.
İsveçrə nümayəndə heyətinin, həmçinin İsveçrə universitetləri ilə bir sıra əməkdaşlıq sazişləri imzalamış ADA Universiteti, ABB laboratoriyası və “Holcim” şirkətinin təhsil mərkəzinin yerləşdiyi Bakı Ali Neft Məktəbini də ziyarət etdiyi məqalədə vurğulanır.
1news.az