Koçaryan xanım sahibkarı məhkəməyə verdi
Ermənistanın sabiq prezidenti Robert Koçaryan iş adamı Silva Ambartsumyanı ona böhtan atmaqda günahlandıraraq məhkəməyə verib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan bildirib.
Onun sözlərinə görə, iş adamından noyabrın 2-də verdiyi böhtan xarakterli açıqlamanı təkzib etmək, həmçinin 2 milyon dram kompensasiya ödəmək tələb olunur.
Daha əvvəl Ambartsumyan mətbuat konfransında bildirib ki, bu yaxınlarda həbs edilmiş iş adamı Samvel Mayrapetyan Ermənistanda yüksək rütbəli məmurlara böyük miqdarda rüşvət verilməsi üçün bir növ "kuryer" kimi çalışıb. 2008-ci ildə ərəblərlə böyük bir müqavilə imzalayan xanım sahibkar Mayrapetyan vasitəsilə o zamankı prezident Robert Koçaryana "mane olmaması" üçün rüşvət verdiyini deyib.
Məlumata görə, noyabrın 13-də məhkəmə Koçaryanın vəkillərinin iddiasını qəbul edib.
P.Sultanova