Şarmazanov: Altı ay ərzində Paşinyanın yalanlarının aşkarlanmasına şahidlik etdik

Ermənistan erkən parlament seçkiləri mərhələsindədir və açıq-aydın görünür ki, bu, siyasi sistemin təkminləşməsinə, bərabər imkanlara cavab verməyən tələsik seçkilərdir.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov deyib.
O bildirib ki, respublikaçıları seçkiləri boykot etməməkdə və Paşinyanın gələcək hakimiyyətini qanuniləşdirməkdə tənqid edənlər var:
“Biz dəfələrlə demişik: bu gün Ermənistan heç vaxt olmadığı qədər ciddi xarici və daxili problemlərlə üz-üzədir. Və bu şərtlərlə biz özümüzü passiv aparıb Paşinyanın mümkün nöqsanlarına sevinə bilmərik. Biz bu çətinliklərə qarşı çıxmaq üçün hər şeyi edəcəyik.
Respublika Partiyası real müxalifət olmaq və ikinci bir qütb formalaşdırmaq üçün seçkilərdə iştirak edəcək. Ölkəmizə hakimiyyətin çatışmazlıqlarını və səhvlərini göstərən real müxalifət lazımdır”.
Şarmazanov hesab edir ki, ötən bu altı ay ərzində bir sıra yalanların aşkarlanmasına şahidlik ediblər:
“Paşinyanın vəd etdiyi sıçrayışlı inkişafın əvəzinə biz iqtisadi artımın enməsinə, investisiya göstəricilərinin 11 dəfə azalmasına, kameraların və qırmızı xətlərin aradan qaldırılması yerinə, kameraların artmasına və qırmızı xəttlərin saxlanmasına şahidlik etdik.
Yeni iş yerləri açmaq əvəzinə, onların ixtisara salınmasını gördük. Paşinyanın vəd etdiyi demokratik inkişafın əvəzinə Milli Təhlükəsizlik Xidmətinin "düşünmək, sonra danışmaq" təhdidini aldıq. Milli və xristian dəyərlərini möhkəmləndirmək əvəzinə, biz bütün ermənilərin katolikosuna hücum, Şurnuhda homoseksualizmin təşviqini gördük.
KTMT-də mövqelərimiz möhkəmlənmədi, əksinə baş katib vəzifəsini itirdik. Mən isə sadəlöhvcəsinə doğum günüm üçün Paşinyanın hədiyyə verəcəyinə ümid edirdim. Və heç bir şey baş vermədi".
P.Sultanova