Papua-Yeni Qvineyanın paytaxtında APEC ölkələrinin forumu işə başlayıb
Noyabrın 17-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərində 21 dövlətin nümayəndələrinin qatıldığı Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu öz işinə başlayıb.
Dünyanın ən kasıb ölkələrindən biri ilk dəfə bu təşkilatın liderlərini qəbul edir. Foruma qatılanlar sırasında Avstraliyanın Baş naziri Skott Morrison, Kanadanın Baş naziri Castin Trüdo, Çinin Sədri Si Cinpin, ABŞ-ın vitse-prezidenti Mayk Pens, Rusiyanın Baş naziri Dmitri Medvedev və Yaponiyanın Baş naziri Şinzo Abe də var.
Forumun başlamasından əvvəl iştirakçılar xatirə fotosu çəkdiriblər.
Noyabrın 17-də APEC-in İşgüzar Məsləhətləşmə Şurasının (İMŞ) plenar iclasının keçirilməsi planlaşdırılıb. Bundan sonra forumda iştirak edən liderlər İMŞ-nin üzvləri və Sakit okeanın ada dövlətlərinin liderləri ilə bölmələrdə müzakirələr aparacaqlar. Axşam saatlarında liderlərin milli köynəklərdə foto çəkdirəcəkləri və Papua-Yeni Qvineyanın Baş naziri Piter O'Nilin adından veriləcək təntənəli qəbulda iştirak edəcəkləri bildirilir.